Olimp dağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi
Yunanıstanın ən yüksək zirvəsi olan Olimp dağı 12 illik müraciət prosesindən sonra UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, qərar Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO Dünya İrs Komitəsinin 48-ci sessiyasında qəbul olunub. Olimp dağı mədəni və təbii əhəmiyyətinə görə "qarışıq irs ərazisi" statusu alıb.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu qərarı "böyük milli uğur" adlandıraraq bildirib ki, əfsanəvi Olimp artıq təkcə Yunanıstana deyil, bütün bəşəriyyətə məxsus irsdir və qorunmalıdır.
Dəniz səviyyəsindən 2 918 metr hündürlüyə yüksələn Olimp dağı qədim yunan mifologiyasında Zevs və 12 Olimpiya tanrısının məskəni hesab olunur. Dağ zəngin biomüxtəlifliyi, endemik bitki və heyvan növləri, eləcə də tarixi və arxeoloji əhəmiyyəti ilə tanınır.
Busandakı sessiyada həmçinin Fransadakı Normandiya çıxarması sahilləri, Yaponiyanın qədim Asuka və Fucivara paytaxtları, eləcə də Cənubi Sudandakı Boma-Badinqilo təbii ərazisi də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.












