Azərbaycanda hotellərdə gecələmələrin sayı azalıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalaraq 1 milyon 807,9 min olub.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, gecələmələrin ümumi sayının 58,8%-i Bakıda qeydə alınıb. Sonrakı yerlərdə Qusar (5,9%), Naftalan (5,5%), Qəbələ (3,4%), Quba (3,1%), Lənkəran (3,0%), Xaçmaz (2,1%), Gəncə (1,9%), Şuşa (1,8%), Şamaxı (1,5%), Naxçıvan Muxtar Respublikası (1,2%), Şabran (1,1%) və Masallı (1,1%) qərarlaşıb. Digər şəhər və rayonların payına isə 9,6% düşüb.
Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hotellərdə keçirdiyi gecələmələrin sayı da 10,3% azalaraq 1 milyon 69,8 min təşkil edib. Bu, ümumi gecələmələrin 59,2%-nə bərabərdir.
Xarici qonaqlar arasında gecələmələrin ən böyük payı Türkiyə (14,1%), Rusiya (13,0%), Hindistan (7,1%), İsrail (6,9%), Səudiyyə Ərəbistanı (4,6%), Çin (4,6%), Qazaxıstan (4,1%), Özbəkistan (3,9%), Pakistan (3,8%), Birləşmiş Ərəb Əmirlikləri (2,4%), Böyük Britaniya (2,3%), ABŞ (2,3%), Almaniya (1,7%), Küveyt (1,3%), İtaliya (1,1%), Gürcüstan (1,0%), İran (0,8%), Koreya Respublikası (0,7%) və Ukraynanın (0,7%) vətəndaşlarının payına düşüb. Digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər isə gecələmələrin 23,6%-ni təşkil edib.
Əcnəbilərin keçirdiyi gecələmələrin 81,9%-i Bakıda, 5,6%-i Qusarda, 5,6%-i Naftalanda, 2,1%-i Qəbələdə, 1,0%-i Qubada, qalan 3,8%-i isə digər şəhər və rayonlarda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı isə 738,1 min olub ki, bu da ümumi göstəricinin 40,8%-ni təşkil edib.
Yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% azalaraq 279 milyon manat təşkil edib. Gəlirlərin 61,1%-i nömrələrin (otaqların) təqdim olunması, 26,7%-i ictimai iaşə, 3,2%-i müalicə və sağlamlıq, 9,0%-i isə digər xidmətlər hesabına formalaşıb.
Bununla yanaşı, 2026-cı ilin ilk altı ayında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3% olub. Bu göstərici ötən ilin eyni dövründə 21,4% təşkil etmişdi.
Tutumdan istifadə səviyyəsi üzrə ən yüksək göstəricilər Naftalanda (41,7%), Şabranda (34,1%), Neftçalada (30,8%), Sabirabadda (29,6%), Bakıda (29,4%) və Qusarda (26,7%) qeydə alınıb.












