DMX rəisi: Süni intellektin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində tətbiqi ilə bağlı işlər görülür | 1news.az | Xəbərlər
Cəmiyyət

DMX rəisi: Süni intellektin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində tətbiqi ilə bağlı işlər görülür

Qafar Ağayev12:22 - Bu gün
DMX rəisi: Süni intellektin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində tətbiqi ilə bağlı işlər görülür

“Süni intellektin Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində tətbiqi istiqamətində işlər aparılır”.

1news.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur zamanı deyib.

Onun sözlərinə görə, hazırda süni intellekt həm dövlət qurumlarında, həm də özəl sektorda fəaliyyətin optimallaşdırılması, səmərəliliyin artırılması və xidmətlərin daha operativ göstərilməsi baxımından əsas istiqamətlərdən biridir.

V.Hüseynov bildirib ki, dövlət orqanlarında süni intellektin tətbiqi düzgün təhlillər əsasında həyata keçirilməli, onun istifadə sahələri dəqiq müəyyənləşdirilməlidir. 

“Geniş fərdi məlumat bazaları ilə işləyən qurumlarda məlumatların təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır”.

DMX rəisinin sözlərinə görə, dövlət qurumları qarşısında süni intellektin tətbiqi ilə bağlı müəyyən vəzifələr müəyyənləşdirilib və bu istiqamətdə iş aparılır.

"Onlayn bələdçilər və çağrı mərkəzi xidmətləri süni intellektin ən yaxın perspektivdə tətbiq oluna biləcəyi sahələrdəndir. Elektron resurslar vasitəsilə vətəndaşların suallarının süni intellekt tərəfindən operativ və anlaşılan şəkildə cavablandırılması mümkündür", - deyə o bildirib.

V.Hüseynov əlavə edib ki, daha uzunmüddətli perspektivdə süni intellektin miqrasiya məlumatlarının emalı, statistik göstəricilərin təhlili, risklərin qiymətləndirilməsi və proqnozlaşdırılması, eləcə də əcnəbilərin və digər istifadəçilərin xidmətlərlə bağlı suallarının cavablandırılması istiqamətlərində tətbiqi nəzərdə tutulur”.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər