Vüsal Hüseynov: Əcnəbilərin olduqları yer üzrə qeydiyyat müddətinin artırılması hazırda gündəmdə deyil
“Azərbaycanda əcnəbilərin olduğu yer üzrə qeydiyyat müddətinin 15 gündən artırılması hazırda müzakirə olunmur”.
1news.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur zamanı deyib.
"Qeydiyyat müddətinin dəyişdirilməsi qanunvericiliyə dəyişiklik edilməsini tələb edir. Nəzərə almaq lazımdır ki, bu norma ilk dəfə qəbul ediləndə qeydiyyat üçün 3 günlük müddət müəyyən edilmişdi. Sonradan bu müddət 10 günə çatdırıldı, 2019-cu ildə isə 15 gün müəyyən edildi. Həmin dövrdə də müxtəlif müzakirələr aparıldı və təhlillər göstərdi ki, müddətin 10 gündən 15 günə qaldırılması ilə əvvəlki pozuntuların əhəmiyyətli hissəsi aradan qalxdı".
DMX rəisi bildirib ki, qeydiyyat müddəti müəyyən edilərkən ölkəyə gələn əcnəbilərin orta qalma müddəti, milli təhlükəsizlik, ictimai asayiş, qanunsuz miqrasiyanın qarşısının alınması və əcnəbilərin hüquq və maraqları kompleks şəkildə qiymətləndirilir.
"Hazırda bu məsələnin yenidən dəyişdirilməsi gündəmdə deyil. Bununla belə, biz başa düşürük ki, əcnəbilərin məlumatlandırılması çox vacibdir və bu istiqamətdə mümkün olan bütün tədbirlər həyata keçirilir. Viza rəsmiləşdirilməsi zamanı, hava gəmisində, hava limanında, quru sərhədlərdə, elektron monitorlarda, “ASAN Viza” terminallarında, dövlət sərhəd buraxılış məntəqələrində və baqajın təhvil verildiyi ərazilərdə bu tələb barədə məlumatlar yerləşdirilir. Bizim məqsədimiz cərimə tətbiq etmək deyil, insanların qanunvericiliyin tələbləri barədə vaxtında məlumatlandırılmasını təmin etməkdir".












