Ramiz Alıyev: "İnsan alveri XXI əsrin ən ağır transmilli cinayətlərindən biridir" | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramiz Alıyev: "İnsan alveri XXI əsrin ən ağır transmilli cinayətlərindən biridir"

Oksana Orucova11:25 - Bu gün
Ramiz Alıyev: "İnsan alveri XXI əsrin ən ağır transmilli cinayətlərindən biridir"

İnsan alveri XXI əsrin ən ağır transmilli mütəşəkkil cinayət növlərindən biri olmaqla yanaşı, insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan əsas qlobal təhlükələrdən biri hesab olunur.

Bu fikirləri İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev 30 İyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı 1news.az-a verdiyi açıqlamasında bildirib.

"İnsan alveri XXI əsrin ən ağır transmilli mütəşəkkil cinayət növlərindən biri olmaqla yanaşı, insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan qlobal təhlükələr sırasındadır. Bu cinayət növü təkcə ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə, sosial rifahına və dayanıqlı inkişafına ciddi təhdid yaradır", – deyə R.Alıyev bildirib.

Onun sözlərinə görə, məhz buna görə BMT hər il 30 iyul tarixini Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edir və dünya ölkələri bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır.

Ramiz Alıyev qeyd edib ki, müasir dövrdə miqrasiya proseslərinin intensivləşməsi, sosial şəbəkələrdən sui-istifadə, iqtisadi çətinliklər və beynəlxalq münaqişələr insan alveri risklərini daha da artırır.

"Xüsusilə qadınlar, uşaqlar, miqrantlar və sosial həssas əhali qrupları bu cinayətkar şəbəkələrin əsas hədəfinə çevrilirlər. Son illər insan alveri yalnız əmək və ya cinsi istismar formasında deyil, həm də kiberməkanda aldadılma, məcburi dilənçilik, qanunsuz əmək fəaliyyəti və digər müasir istismar üsulları ilə özünü göstərir", – deyə təşkilat sədri vurğulayıb.

O bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, bu sahədə beynəlxalq öhdəliklərinə uyğun hüquqi baza və institusional mexanizmlər formalaşdırıb.

R.Alıyevin sözlərinə görə, qəbul edilən dövlət proqramları və Milli Fəaliyyət Planları insan alverinin profilaktikası, qurbanların müdafiəsi, sosial reabilitasiyası və cinayətkarların məsuliyyətə cəlb edilməsini əhatə edir.

Təşkilat sədri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini də yüksək qiymətləndirərək bildirib ki, müasir əməliyyat-axtarış metodlarının tətbiqi və beynəlxalq əməkdaşlıq bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan yaradıb.

Ramiz Alıyev insan alverinə qarşı mübarizədə maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.

"Təcrübə göstərir ki, insan alverinin qarşısının alınmasında cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi hüquqi tədbirlər qədər əhəmiyyətlidir. Xüsusilə gənclərin, yeniyetmələrin və risk qrupuna daxil olan şəxslərin məlumatlandırılması onların cinayətkar şəbəkələrin təsiri altına düşməsinin qarşısını alır", – deyə o bildirib.

O əlavə edib ki, rəhbərlik etdiyi İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı tərəfindən bu istiqamətdə 20-dən çox sosial videoçarx, eləcə də "İfşa" və "İfşa – Çətin Hədəf" serialları hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Sonda R.Alıyev qeyd edib ki, insan alverinə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir.

"Hər bir vətəndaşın məlumatlı olması, şübhəli hallara biganə qalmaması, aidiyyəti qurumlarla əməkdaşlıq etməsi və maarifləndirmə prosesində fəal iştirakı insan alverinə qarşı ümummilli mübarizənin mühüm tərkib hissəsidir", – deyə o əlavə edib.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər