TƏBİB-dən narahatedici statistika: Bir ayda 7 nəfər boğularaq ölüb
İyul ayında suda boğulma hadisələri ilə bağlı 22 müraciət qeydə alınıb.
TƏBİB-in 1news.az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2026-cı ilin iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.
Bildirilib ki, müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə hadisə yerində tibbi yardım göstərilib, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Müraciət edənlərdən 4-ü qadın, 15-i kişi olub, 3 nəfərin isə şəxsiyyəti müəyyən edilməyib.
TƏBİB vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırıb.












