İqtisadiyyat Nazirliyinin xidmətlərinə I yarımildə 13 milyondan artıq müraciət olub | 1news.az | Xəbərlər
Cəmiyyət

İqtisadiyyat Nazirliyinin xidmətlərinə I yarımildə 13 milyondan artıq müraciət olub

First News Media16:22 - Bu gün
İqtisadiyyat Nazirliyinin xidmətlərinə I yarımildə 13 milyondan artıq müraciət olub

Bu ilin ilk altı ayında İqtisadiyyat Nazirliyinin təqdim etdiyi xidmətlər üzrə 13 milyondan çox müraciət qeydə alınıb. Müraciətlərin 92 faizdən artıq hissəsi elektron formada həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Qeyd olunub ki, nazirlik tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlıq subyektlərinə ümumilikdə 289 xidmət təqdim edilir. Onlardan 181-i, yəni 62,6 faizi rəqəmsallaşdırılıb.

Elektron xidmətlərdən İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi, "Lisenziyalar və İcazələr" portalı, eləcə də nazirliyin strukturuna daxil olan və tabeliyində fəaliyyət göstərən qurumların elektron xidmət bölmələri vasitəsilə istifadə etmək mümkündür.

Onlayn platformalar sahibkarlara iqtisadi və hüquqi məlumatlara çıxış əldə etməyə, həmçinin lisenziyalar, qrant müqavilələrinin (qərarlarının) qeydiyyatı ilə bağlı bildirişlər və digər hüquqi sənədlərin alınması üçün elektron müraciət göndərməyə imkan yaradır.

Lisenziyaların verilməsi prosesi tam elektronlaşdırılıb. Sahibkarlar müvafiq fəaliyyət sahələri üzrə lisenziya almaq üçün "Lisenziyalar və İcazələr" portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər. Bununla yanaşı, sənədləri "ASAN xidmət" mərkəzləri və KOB evləri vasitəsilə də təqdim etmək mümkündür.

Nazirliyin "Elektron Xidmətlər Portalı" istifadəçilər üçün vahid pəncərə prinsipi əsasında fəaliyyət göstərir. Portal vasitəsilə elektron kabinetdən istifadə etməklə nazirliyin tabeliyində olan qurumların xidmətlərindən də yararlanmaq, müraciətlərin icra vəziyyətini izləmək və göstərilən xidmətlər barədə rəy bildirmək mümkündür.

İqtisadiyyat Nazirliyi dövlət xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması məqsədilə xidmətlərin elektronlaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi və prosedurların sadələşdirilməsi istiqamətində işlərini davam etdirir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər