PASHA Holdinq 2025-ci ildə başladılan “Fərqindəlik” layihəsini uğurla davam etdirir – FOTO
PASHA Holdinq tərəfindən korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən “Fərqindəlik” layihəsi ölkə əhalisinin tibbi maarifləndirilməsi səviyyəsinin yüksəldilməsinə, profilaktik tibbi müayinələrin təşviqinə və xəstəliklərin erkən aşkarlanmasına dəstək göstərilməsinə xidmət edir.
2025-ci ildə start verilən layihə ötən il ərzində üç mərhələdə həyata keçirilib və Azərbaycanın 30 rayonunu əhatə edib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, All Medical şirkəti, yerli klinikalar və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər zamanı minlərlə sakin tibbi müayinədən keçib.
Layihənin uğurlu nəticələri nəzərə alınaraq, 2026-cı ildə onun dördüncü və beşinci mərhələləri də həyata keçirilib. Cari ilin mart ayından etibarən təşkil olunan səyyar tibbi aksiyalar çərçivəsində daha 16 rayonda müayinələr aparılıb və bununla da layihənin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib.
2026-cı ilin avqust ayına olan məlumata əsasən, “Fərqindəlik” layihəsi beş mərhələ çərçivəsində ümumilikdə ölkənin 46 rayonunu əhatə edib. Gələcəkdə layihənin daha geniş ərazini əhatə etməsi, profilaktik tibbi müayinələrdən keçmək və xəstəliklərin erkən diaqnostikası üçün imkanların daha da artırılması nəzərdə tutulur. Bundan əlavə, müayinələr zamanı ilk dəfə şəkərli diabet diaqnozu qoyulan iştirakçılara qlükometrlər hədiyyə edilib.
Layihə çərçivəsində səyyar tibbi müayinələr davam etdirilir. Bu həftə növbəti aksiyaların Cəlilabad və Neftçala rayonlarında keçirilməsi planlaşdırılır.
İctimai sağlamlığın qorunması PASHA Holdinqin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. “Fərqindəlik” layihəsi şirkətin tibbi xidmətlərin əlçatanlığının artırılmasına, sağlam həyat tərzinin təşviqinə, xəstəliklərin erkən aşkarlanmasına və profilaktik tibbi müayinələrin əhəmiyyəti barədə əhalinin məlumatlılığının artırılmasına yönəlmiş uzunmüddətli təşəbbüslərindən biridir.


















