Politoloq: Vaşinqtonda atılan addımlar Cənubi Qafqazın yeni geosiyasi reallıqlarının əsasını qoydu | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Vaşinqtonda atılan addımlar Cənubi Qafqazın yeni geosiyasi reallıqlarının əsasını qoydu

Oksana Orucova16:54 - Bu gün
Politoloq: Vaşinqtonda atılan addımlar Cənubi Qafqazın yeni geosiyasi reallıqlarının əsasını qoydu

Bir il əvvəl – 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan görüşlər və əldə olunan razılaşmalar Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində keçirilən təmaslar və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına yönəlmiş addımlar regionun gələcək geosiyasi mənzərəsinə təsir göstərən mühüm proseslərin əsasını qoydu. Bəs ötən bir il ərzində bu təşəbbüslər hansı nəticələri verib və region üçün hansı yeni perspektivlər açıb?

Bu mövzu ilə bağlı politoloq Tural İsmayılov 1news.az-a açıqlama verib.

Politoloq öz açıqlamasında bildirib ki, ötən il baş tutan razılaşmalar uzun illər davam edən qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərib:

"Ötən il avqustun 8-də Vaşinqtonda baş verən prosesləri Cənubi Qafqazın son onilliklərdəki geosiyasi tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin ABŞ səfəri və Azərbaycan-Ermənistan münasibətlərinin sülh gündəliyi üzrə əldə olunan razılaşmalar regionda uzun illər davam edən qarşıdurmanın artıq yeni mərhələyə keçdiyini göstərdi.

Bu hadisənin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan sülh prosesinə yalnız münaqişənin iştirakçısı kimi deyil, regionun gələcək təhlükəsizlik arxitekturasını formalaşdıran əsas aktorlardan biri kimi daxil oldu. Azərbaycanın hərbi-siyasi üstünlüyü ilə yaranmış yeni reallıq diplomatik müstəvidə də öz ifadəsini tapdı. Başqa sözlə, sülh gündəliyi artıq əvvəlki status-kvonu qorumaq üzərində deyil, yaranmış reallıqlar əsasında yeni regional düzənin formalaşdırılması üzərində quruldu".

Tural İsmayılov həmçinin qeyd edib ki, Vaşinqton görüşünün digər mühüm nəticəsi dövlətlər arasında regional əməkdaşlığın önə çıxması üçün yeni imkanların yaranmasıdır:

"Prezident İlham Əliyevin sülh təşəbbüsünün mühüm xüsusiyyəti də məhz budur: Azərbaycan sülh prosesində passiv gözləyən tərəf olmadı, konkret prinsiplər və şərtlər ortaya qoyaraq gündəliyin formalaşmasına təsir göstərdi. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, dövlətlərarası münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlər Azərbaycanın irəli sürdüyü yeni yanaşmanın əsas elementlərinə çevrildi.

Vaşinqton prosesinin digər mühüm nəticəsi Cənubi Qafqazda xarici güclərin rəqabətinin deyil, regional əməkdaşlığın önə çıxması üçün yeni imkanların yaranmasıdır. Azərbaycan özünün enerji, nəqliyyat və geosiyasi imkanlarından istifadə etməklə sülhü yalnız siyasi sənəd kimi deyil, regionun iqtisadi transformasiyasının başlanğıcı kimi təqdim etdi".

Son olaraq politoloq qeyd edib ki, Vaşinqtonda atılan addımlar təkcə iki dövlət arasında yox, ümumən Cənubi Qafqazda tarixi əhəmiyyət daşıyıb:

"Ən vacibi isə odur ki, Azərbaycan sülh təşəbbüsünü zəiflikdən deyil, güc və özünəinam mövqeyindən irəli sürdü. Bu yanaşma regiondakı qüvvələr balansını dəyişməklə yanaşı, Cənubi Qafqazın gələcəyinə dair əsas sualı da dəyişdi: artıq söhbət münaqişənin necə idarə olunmasından deyil, post-münaqişə dövründə regionun necə qurulacağından gedir.

Bu baxımdan avqustun 8-də Vaşinqtonda atılan addımlar təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqazın yeni siyasi və iqtisadi reallıqlar üzərində formalaşması baxımından tarixi əhəmiyyət daşıyır".

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər