AzTV əməkdaşının faciəli ölümü: Bir il əvvəl övladını itirmişdi
AzTV-nin əməkdaşı Məmmədli Məqsəd Əlisahib oğlunun faciəvi ölümündən əvvəl yaşanan son anlarla bağlı bəzi detallar məlum olub.
1news.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, mərhum hadisədən bir gün əvvəl dostları ilə görüşə gedib.
Görüş zamanı o, dənizə girib bir qədər sərinləmək istədiyini deyib. Dostları isə ona suya girməməyi tövsiyə edərək, ehtiyatlı olmasını bildiriblər. Lakin M.Məmmədli sonda suya girib. Bir müddət sonra isə faciə baş verib və o, dənizdə batıb.
Məqsədin ölümündən cəmi bir gün əvvəl keçmiş iş yoldaşı ilə də görüşdüyü bildirilir. Həmin görüş zamanı o, öz qol saatını keçmiş həmkarına hədiyyə edib və birlikdə foto çəkdiriblər. Bu foto onun həyatının son günündən qalan son xatirələrdən biri olub.
Faciəni daha da ağırlaşdıran məqam isə M.Məmmədlinin ailəsinin ötən il də böyük itki ilə üzləşməsi olub. Bildirilir ki, onun azyaşlı övladı ötən ilin bu vaxtlarında baş verən avtomobil qəzasında həyatını itirib.
Beləliklə, övladını avtomobil qəzasında itirən Məqsəd Məmmədli bir il sonra özü də faciəli şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, Məmmədli Məqsəd Əlisahib oğlu AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser kimi çalışıb. O, Vətən müharibəsi iştirakçısı olub.












