Yanğında 3 nəfərin ölümü ilə bağlı iş: klinika rəhbərinin vəkilinin iştirakı təmin olunmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğında 3 nəfərin ölümü ilə bağlı iş: klinika rəhbərinin vəkilinin iştirakı təmin olunmadı

Oksana Orucova18:41 - Bu gün
Yanğında 3 nəfərin ölümü ilə bağlı iş: klinika rəhbərinin vəkilinin iştirakı təmin olunmadı

2025-ci il noyabrın 21-də Bakının Yasamal rayonunda, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1news.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Bəhruz Paşayevin vəkili məhkəməyə gəlməyib. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Məhkəmə bildirib ki, vəkil iştirak etməməsi ilə bağlı hər hansı üzrlü səbəb təqdim etməyib. Bununla əlaqədar məsələ barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat veriləcəyi bildirilib.

Növbəti məhkəmə iclası sentyabrın 9-na təyin olunub.

İttihamın mahiyyəti

Cinayət işi Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində aparılan istintaq nəticəsində başlanıb. 

Araşdırmalar zamanı hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və müxtəlif ekspertizalar daxil olmaqla çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

İstintaqın nəticələrinə əsasən, binanın zirzəmisində baş verən yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həyatını itirib. Daha 25 nəfər tüstüdən zəhərlənib, müxtəlif şəxslərə məxsus əmlaka isə ziyan dəyib.

Araşdırma zamanı müəyyən edilib ki, hadisənin baş verdiyi binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürən “TAXES GROUP” MMC-nin (“Loft Klinika”) direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək vəzifəsi düşüb.

İstintaq orqanı onun həmin qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin ölümünə və digər ağır nəticələrə səbəb olduğuna dair əsaslı şübhələr müəyyən edib.

Bəhruz Paşayev noyabrın 23-də şübhəli şəxs qismində saxlanılıb. Noyabrın 24-də isə o, Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Həmin maddə yanğın təhlükəsizliyi qaydalarının pozulmasının ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmasını nəzərdə tutur.

İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bəhruz Paşayev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanğın nəticəsində həyatını itirən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Digər mərhum Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri kimi fəaliyyət göstərib.

Hadisə 2025-ci il noyabrın 21-də axşam saatlarında Yasamal rayonunda baş verib. Yanğın nəticəsində 3 nəfər ölüb, 20-dən çox sakin isə tüstüdən zəhərlənərək xəsarət alıb.

 

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər