Dövlət satınalmalarında yeni elektron imkanlar yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət satınalmalarında yeni elektron imkanlar yaradılıb

Qafar Ağayev16:58 - Bu gün
Dövlət satınalmalarında yeni elektron imkanlar yaradılıb

Dövlət satınalmalarının vahid internet portalının funksional imkanları genişləndirilib.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa portal üzərindən formalaşdırılır.

“Bu yanaşma hüquqi və texniki şərtlərin daha dəqiq müəyyənləşdirilməsinə və satınalma prosesinin növbəti mərhələlərinin daha sistemli təşkilinə imkan verir”, - deyə Mirzə Mirzəyev bildirib.

O qeyd edib ki, elektronlaşma istiqamətində atılan digər mühüm addım müxtəlif dövlət informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsidir.

Agentlik rəsmisinin sözlərinə görə, dövlət satınalmalarının vahid internet portalı ilə Rəqəmsal dövlət maliyyəsi sisteminin “e-müqavilə” altsistemi arasında inteqrasiya həyata keçirilib.

“İnteqrasiya yekunlaşmış satınalmalar üzrə müqavilə və təklif məlumatlarının “e-müqavilə” altsisteminə ötürülməsini və həmin sistem üzərindən imzalanmasını əhatə edir. İmzalanmış müqavilə barədə məlumatlar isə yenidən dövlət satınalmalarının vahid internet portalına ötürülür”, - deyə Mirzə Mirzəyev vurğulayıb.

O əlavə edib ki, bununla satınalma prosesinin müxtəlif mərhələləri arasında məlumat mübadiləsinin daha operativ və sistemli şəkildə həyata keçirilməsi təmin olunur.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər