Menyuda başqa ət, boşqabda at əti: At ətinin istifadəsi qadağandır? – AQTA rəsmisi və ekspertdən suallara CAVAB
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimai iaşə obyektlərində at ətinin aşkarlanması ilə bağlı yaydığı məlumat ictimaiyyətdə geniş müzakirəyə səbəb olur.
Xüsusilə sosial şəbəkələrdə bu məsələ müzakirə obyektinə çevrilir. İnsanlar gündəlik istifadə etdiyi restoranları sorğulamağa başlayır. “Yediyim at əti idi?” sualı isə insanların ağlından çıxmır. Əlbəttə, deyilə bilər ki, at əti dünyanın müxtəlif yerlərində istifadə edilir, bizdə istifadəsi niyə belə geniş müzakirə olunur?
Söhbət burada at ətinin qida kimi istifadə olunmasından yox, bunun istehlakçılara düzgün təqdim olunmamasından gedir. Restoran menyusunda yeməyin tərkibi “mal əti” və ya “qoyun əti” olaraq göstərildiyi halda, əslində tərkibin “at əti” olması insanların restoranlara qarşı etimadına da təsir edir.
Belə hallar hər dəfə təkrarlananda təbii ki, insanlarda sadə, lakin vacib suallar formalaşır: bu, təsadüfi hal, yoxsa geniş yayılmış problemdir? Ölkəmizdə at ətinin qida məhsulu kimi satışına və istifadəsinə hüquqi baxımdan hər hansı məhdudiyyət qoyulubmu? Restoranlarda aparılan yoxlamalar hansı prinsiplə həyata keçirilir? Bu, yalnız vətəndaş şikayətlərindən sonra baş verən addımdırmı, yoxsa müntəzəm, planlı monitorinq sistemi mövcuddur?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov deyib ki, Azərbaycanda at ətinin qida məhsulu kimi istifadəsinə dair ümumi qadağa nəzərdə tutulmayıb.
“At əti müvafiq təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verdiyi, baytarlıq nəzarətindən keçdiyi, mənşəyi və təhlükəsizliyi sənədlərlə təsdiqləndiyi halda qida məhsulu kimi dövriyyədə ola bilər. İctimai iaşə obyektlərində də yalnız mənşəyi və keyfiyyəti müvafiq sənədlərlə təsdiqlənmiş heyvan mənşəli məhsullardan istifadə edilməlidir. Ətin mənşəyi və təhlükəsizliyi təsdiq olunmadan istifadəsi, eləcə də at ətinin istehlakçıya mal əti, qoyun əti və ya digər ət adı ilə təqdim edilməsi yolverilməzdir və istehlakçının aldadılması hesab olunur”.
Yoxlama necə aparılır?
İ.Kərimov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən planlı və plandankənar nəzarət tədbirləri, monitorinqlər və reydlər keçirilir.
“Həmçinin istehlakçı tərəfindən şikayət daxil olduqda araşdırmalar aparılır və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Nəzarət tədbirləri zamanı məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında müayinələrə cəlb edilir. Laborator müayinələr nəticəsində məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılır. 2026-cı ilin 6 ayı ərzində keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30,7 ton ət (o cümlədən 432 kiloqram at əti) məhv edilib”.
At ətini vizual müəyyən etmək mümkündür?
O, deyib ki, ətin hansı heyvan növünə aid olduğunu yalnız xarici görünüşünə, rənginə və ya qoxusuna əsasən dəqiq müəyyən etmək mümkün deyil.
“Xüsusilə ət doğrandıqda, qiymə halına salındıqda və ya müxtəlif məhsulların tərkibində istifadə edildikdə vizual olaraq müəyyənləşdirmək çətinləşir. Ətin növünün dəqiq müəyyənləşdirilməsi, at əti olub-olmamasının təsdiqi üçün laborator müayinələrə cəlb edilməlidir.
İstehlakçılara tövsiyə olunur ki, ət və ət məhsullarını qanuni fəaliyyət göstərən satış və ictimai iaşə obyektlərindən əldə etsinlər, məhsulun mənşəyini təsdiq edən sənədlərin və etiket məlumatlarının mövcudluğuna diqqət yetirsinlər”.
İstehlakçıların hüquqlarının pozulması
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib ki, Azərbaycanda hər hansı ətin satışına ümumi qadağa yoxdur, lakin istehlakçıya satılan məhsulun adı və tərkibi barədə düzgün məlumat verilməlidir.
“Çox təəssüf ki, belə hallar mövcuddur və bəzi biznes subyektləri bu boşluqlardan istifadə edərək istehlakçıları aldadırlar. Qanunvericiliyin tələbinə görə, istehlakçını aldatmamaq üçün məhsulun adı düzgün göstərilməlidir. İstehlakçıya hansı ətin satıldığı barədə dəqiq məlumat verilməlidir.
Əgər menyuda mal əti, dana əti və s. göstərilir, lakin istehlakçıya başqa növ ət təqdim edilirsə, bu, onun hüquqlarının pozulması və aldadılmasıdır. Belə hal hüquqi məsuliyyət, o cümlədən inzibati məsuliyyət yarada bilər”.
O, deyib ki, əgər istehlakçı ona menyuda göstərilən ətdən fərqli ət təqdim edildiyini düşünürsə, bu barədə aidiyyəti dövlət qurumlarının qaynar xəttinə məlumat verməlidir. Eyni zamanda, menyunun şəklini çəkməli, təqdim olunan yeməyin fotosunu saxlamalı və mümkün digər sübutları toplayaraq dövlət orqanlarına təqdim etməlidir ki, belə halların qarşısı alınsın.
Məlumdur ki, bu sahədə uzun illərdir müxtəlif problemlər yaşanır. Dövlət qurumları tərəfindən yoxlamalar aparılır, ekspertizalar keçirilir və qanun pozuntularına yol verən şəxslərlə bağlı tədbirlər görülür. Lakin təəssüf ki, bəzi hallarda məhkəmə proseslərindən sonra həmin şəxslər məsuliyyətdən yayınırlar. Bu isə dövlət qurumlarının gördüyü işlərin səmərəliliyinə mənfi təsir göstərir.
Hesab edirəm ki, bu sahədə dövlət qurumları daha fəal işləməli və onlara əlavə səlahiyyətlərin verilməsi məsələsinə baxılmalıdır. İstehlakçıların hüquqlarının daha effektiv müdafiəsi üçün mövcud mexanizmlər təkmilləşdirilməlidir.
Təəssüf ki, bəzi biznes subyektləri üçün yaradılan rahat şəraitdən sui-istifadə halları da mövcuddur. Xüsusilə restoran sektorunda tələbin təklifi üstələdiyi dövrlərdə xidmətlərin keyfiyyəti ilə bağlı problemlər daha qabarıq şəkildə özünü göstərir. Turizm mövsümündə bu hallar daha geniş yayıla bilər. Bu cür hallara son qoyulmalıdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun artıq uzun müddətdir qüvvədədir. Hesab edirəm ki, bu qanun müasir tələblərə uyğun yenilənməlidir. Eyni zamanda, qanunun icrasına nəzarət edən dövlət qurumları daha fəal fəaliyyət göstərməlidirlər”.












