Azərbaycanda ilk: Kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
1news.az "Report"a istinadən xəbər verir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.
Belə ki, Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətinin təşkilində təqsirli biliniblər.
B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.
Eyni zamanda hökmlə ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş "Binance" beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, cinayət yolu ilə əldə olunan əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur.
Bununla yanaşı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun 1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, həmçinin virtual aktivlər başa düşülür.
Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsinin icrası mexanizmi praktiki olaraq yenilikdir və müvafiq məsələ mediada geniş müzakirə mövzusudur. Bu baxımdan hazırkı dövrədək tənzimlənməyən sözügedən sahə Azərbaycanla yanaşı, qlobal miqyasda da nisbətən yeni istiqamət olaraq qalır.
Xatırladaq ki, Azərbaycanda virtual aktivlər və kripto bazarlarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunun qəbul edilməsi istiqamətində intensiv işlər aparılır.












