“Azərbaycan və Özbəkistan dəyişən Avrasiyada daha böyük rol oynamağa hazırlaşır” - ŞƏRH
“İmzalanan sənədlərin məzmunu, müzakirə olunan layihələrin istiqamətləri və iki ölkənin qarşılıqlı əməkdaşlığa verdiyi siyasi məna göstərir ki, Bakı ilə Daşkənd arasında münasibətlər artıq klassik ikitərəfli diplomatiya çərçivəsindən çıxaraq daha böyük regional prosesin tərkib hissəsinə çevrilir”.
Bunu 1news.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
O bildirib ki, burada söhbət iki dövlətin yaxınlaşmasından daha böyük, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasından gedir.
“Azərbaycan və Özbəkistan arasında imzalanan sənəd münasibətlərin institusional əsaslarını möhkəmləndirir:
Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması bu baxımdan yalnız siyasi münasibətlərin yüksək səviyyəsini təsdiqləyən sənəd deyil.
Əslində, bu sənəd son illərdə yaranmış siyasi etimadın institusional çərçivəyə salınmasıdır”.
O vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq artıq konkret iqtisadi mexanizmlərlə də möhkəmləndirilir:
“Ali Dövlətlərarası Şuranın fəaliyyəti, 2030-cu ilədək qarşılıqlı ticarətin 1 milyard dollara çatdırılması hədəfi, investisiya və ticarət üzrə fəaliyyət planları, enerji, mədənçilik, kənd təsərrüfatı, bankçılıq, turizm, təhsil və digər sahələrdə yeni layihələr münasibətlərin artıq siyasi bəyanatlar səviyyəsindən çıxaraq real iqtisadi mexanizmlərlə möhkəmləndiyini göstərir”.
Y.Hacıyevanın sözlərinə görə, Bakı ilə Daşkənd arasındakı münasibətlərin yeni mərhələsini belə ifadə etmək olar:
“Əslində, Bakı ilə Daşkənd arasında münasibətlərin yeni mərhələsini bir cümlə ilə ifadə etmək mümkündür; siyasi etimad iqtisadi və geostrateji qarşılıqlı asılılığa çevirmək məqsədi”.
Ekspert hesab edir ki, dövlətlərarası münasibətlərin davamlılığı yalnız siyasi yaxınlıqla məhdudlaşmır:
“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında münasibətlərin davamlılığını yalnız siyasi yaxınlıq müəyyən etmir. Əsl davamlılıq ticarət yollarının, investisiya zəncirlərinin, enerji sistemlərinin, texnoloji əməkdaşlığın və insan kapitalının bir-birinə bağlanması ilə yaranır. Azərbaycan və Özbəkistanın bugünkü münasibətlərində məhz belə çoxqatlı model formalaşır”.
Y.Hacıyeva bu əməkdaşlığın regional imkanlarla da bağlı olduğunu diqqətə çatdırıb:
“Bu modelin mərkəzində iki xalq arasındakı dostluq və qardaşlıq aspektindən başqa həm də iki dövıətin yerləşdiyi regionların imkanları dayanır. Özbəkistan Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir. Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən əsas coğrafi həlqələrdən biridir”.
O qeyd edib ki, bu baxımdan iki ölkə arasındakı əməkdaşlığın dərinləşməsi daha geniş regional nəticələrə səbəb ola bilər:
“Buna görə Bakı və Daşkənd münasibətlərinin dərinləşməsi sadəcə iki ölkə arasında ticarətin artması demək deyil. Bu, Mərkəzi Asiyanın qərbə çıxış imkanlarının genişlənməsi, Cənubi Qafqazın isə Mərkəzi Asiyanın iqtisadi sisteminə daha dərindən daxil olması deməkdir.
Ekspert Orta Dəhlizin əhəmiyyətinə də xüsusi diqqət çəkib:
Məhz bu nöqtədə Orta Dəhlizin əhəmiyyəti xüsusi olaraq ortaya çıxır. Dünyanın geoiqtisadi xəritəsi dəyişdikcə Şərq–Qərb ticarət marşrutlarının alternativləri strateji əhəmiyyət qazanır. Ənənəvi marşrutlardan asılılığın azaldılması, təchizat zəncirlərinin diversifikasiyası və yük axınlarının daha dayanıqlı istiqamətlərə yönəldilməsi Azərbaycanı yeni Avrasiya iqtisadiyyatında daha mühüm mövqeyə çıxarır”.
Y.Hacıyeva hesab edir ki, Özbəkistan üçün Azərbaycan strateji logistik həlqə rolunu oynayır:
“Özbəkistan üçün Azərbaycan bu baxımdan sadəcə Xəzərin qərb sahilində yerləşən qonşu tərəfdaş deyil. Azərbaycan Özbəkistanın Türkiyə və Avropa bazarlarına çıxışında strateji logistik həlqəsidir. Azərbaycan üçün isə Özbəkistan Mərkəzi Asiyanın dərinliklərinə açılan mühüm iqtisadi qapıdır. Bu qarşılıqlı maraq münasibətlərin geoiqtisadi əsasını təşkil edir”.
Ekspertin fikrincə, əməkdaşlığın gələcək mərhələsi yalnız yük daşımalarının artırılması ilə məhdudlaşmamalıdır:
“Lakin qarşıdakı mərhələnin əsl əhəmiyyəti yük daşımalarının artmasından daha böyük ola bilər. Əgər Bakı və Daşkənd əməkdaşlığı sənaye kooperasiyası, birgə istehsal, investisiya, rəqəmsal logistika, aqrotexnologiya, enerji və yüksək texnologiyalarla tamamlanarsa, onda Orta Dəhliz sadəcə nəqliyyat xətti olmaqdan çıxacaq. O, istehsal və investisiya zəncirlərinin hərəkət etdiyi iqtisadi platformaya çevrilə bilər”.
Y.Hacıyeva Azərbaycanın qarşısında yaranan imkanları belə izah edib:
“Bu isə Azərbaycan üçün tamamilə yeni imkanlar yaradır. Çünki tranzit ölkə olmaqla logistika mərkəzi olmaq arasında ciddi fərq var. Tranzit ölkə yükün keçdiyi ərazidir. Logistika və iqtisadi mərkəz isə həmin yükün ətrafında xidmət, istehsal, maliyyə, sığorta, texnologiya və investisiya ekosistemi yaradır. Azərbaycanın son illərdə həyata keçirdiyi infrastruktur layihələrinin strateji məqsədi də məhz bu ikinci modelə yaxınlaşmaqdır. Beləliklə, Özbəkistanla əməkdaşlıq həmin prosesə əlavə impuls verir”.
Enerji sahəsində də yeni imkanların yarana biləcəyini bildirən ekspert deyib:
“Enerji sahəsində də oxşar transformasiya mümkündür. Əgər əvvəlki dövrdə enerji geosiyasəti əsasən neft və qaz üzərindən qurulurdusa, qarşıdakı onilliklərdə elektrik enerjisi, bərpa olunan enerji, enerji saxlama sistemləri, yaşıl hidrogen və rəqəmsal enerji infrastrukturu daha böyük əhəmiyyət daşıyacaq.
Azərbaycan və Özbəkistanın yaşıl enerji istiqamətində əməkdaşlığı buna görə sadəcə ekoloji layihə kimi qiymətləndirilməməlidir. Söhbət gələcəyin enerji xəritəsinin formalaşdırılmasında iştirakdan gedir.
Bu baxımdan Mərkəzi Asiya–Azərbaycan-Avropa xətti gələcəkdə yalnız qaz və neftin deyil, elektrik enerjisinin və yaşıl enerjinin də hərəkət etdiyi yeni enerji məkanına çevrilə bilər”.
Y.Hacıyeva texnologiya və insan kapitalının da Bakı–Daşkənd əməkdaşlığında mühüm yer tutduğunu vurğulayıb:
“Azərbaycan və Özbəkistan münasibətlərinin daha mühüm və gələcəyə hesablanmış istiqamətlərindən biri isə texnologiyadır. Çünki 21-ci əsrin geosiyasi gücü artıq yalnız ərazi, təbii sərvət və hərbi potensialla ölçülmür. Süni intellekt, rəqəmsal infrastruktur, kibertəhlükəsizlik, kosmik texnologiyalar, aqrotexnologiyalar, biotexnologiya və insan kapitalı dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilir. Azərbaycan və Özbəkistanın təhsil və STEAM istiqamətində əməkdaşlığı məhz bu kontekstdə oxunmalıdır. Burada söhbət sadəcə məktəb və ya təhsil layihəsindən getmir. Söhbət gələcək iqtisadiyyat üçün insan kapitalının birgə hazırlanmasından gedir. Əgər bu proses universitetlər, tədqiqat mərkəzləri, texnologiya şirkətləri və startap ekosistemləri ilə birləşdirilərsə, Bakı-Daşkənd əməkdaşlığının ən strateji nəticələrindən biri ortaya çıxa bilər. İki ölkə yalnız məhsul və xidmət mübadiləsi aparan tərəfdaşlar deyil, yeni texnologiyaların istehsalına və tətbiqinə birlikdə sərmayə qoyan dövlətlərə çevrilə bilərlər”.
Ekspert təhlükəsizlik məsələsinə də geniş prizmadan yanaşmağın vacibliyini qeyd edib:
“Fikrimcə, təhlükəsizlik məsələsinə də məhz bu geniş prizmadan baxmaq lazımdır. Azərbaycan və Özbəkistanın əməkdaşlığının təhlükəsizlik ölçüsü yalnız hərbi əlaqələrdən ibarət deyil. Bu gün nəqliyyat dəhlizlərinin, enerji sistemlərinin, limanların, dəmir yollarının, rəqəmsal şəbəkələrin və kritik infrastrukturun təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat bağlantıları nə qədər dərinləşirsə, bu bağlantıların təhlükəsizliyinin təmin olunması da bir o qədər mühüm məsələyə çevrilir. Bu baxımdan Bakı–Daşkənd əməkdaşlığı gələcəkdə regional təhlükəsizlik arxitekturasının qeyri-hərbi, lakin çox mühüm sütunlarından birinə çevrilə bilər”.
O, əməkdaşlığın Türk Dövlətləri Təşkilatı üçün də əhəmiyyət daşıdığını bildirib:
“Qeyd edim ki, bütün bunlar Türk Dövlətləri Təşkilatının gələcəyi üçün də ciddi nəticələr vəd edir. TDT-nin real gücü yalnız ortaq mədəniyyət və dil yaxınlığından deyil, bu yaxınlığın iqtisadi və texnoloji gücə çevrilməsindən asılı olacaq. Azərbaycan və Özbəkistanın ikitərəfli əməkdaşlığının dərinləşməsi bu baxımdan təşkilat daxilində yeni iqtisadi dinamika yarada bilər”.
Ekspert hesab edir ki, Bakı–Daşkənd əməkdaşlığı digər türk dövlətləri üçün də nümunə yarada bilər:
“Əgər Azərbaycan və Özbəkistan modeli nəqliyyat, investisiya, rəqəmsal gömrük, enerji, sənaye kooperasiyası, kənd təsərrüfatı, texnologiya və təhsil sahələrində genişləndirilərsə, digər türk dövlətləri üçün də tətbiq oluna biləcək praktiki əməkdaşlıq mexanizmi formalaşa bilər. Beləliklə, TDT tədricən yalnız siyasi və mədəni platforma deyil, Avrasiyanın mühüm iqtisadi əməkdaşlıq məkanlarından birinə çevrilə bilər”.
Hacıyeva Mərkəzi Asiyanın geosiyasi rolunun dəyişməsinə də diqqət çəkib:
“Burada mühüm bir geosiyasi məqam da var. Mərkəzi Asiya son illərdə böyük güclərin rəqabət meydanı olmaqdan tədricən öz geosiyasi subyektliyini gücləndirən regiona çevrilir. Azərbaycan isə bu regionla Cənubi Qafqaz arasında təbii və strateji bağlantı rolunu oynayır. Azərbaycan və Özbəkistan münasibətlərinin dərinləşməsi həmin iki regionun bir-birindən ayrı geosiyasi məkanlar kimi deyil, qarşılıqlı bağlı sistem kimi formalaşmasına xidmət edir. Bu proses Azərbaycanın Avrasiyadakı rolunu da dəyişir. Azərbaycan artıq yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında bağlantıları birləşdirən regional aktor kimi çıxış edir. Bu, Azərbaycanın geosiyasi çəkisinin yalnız öz ərazisi ilə deyil, onun yaratdığı komunikasiyaların coğrafiyası ilə ölçülməsi deməkdir”.
Özbəkistanın da bu prosesdə marağının aydın olduğunu bildirən ekspert qeyd edib:
“Özbəkistanın da bu prosesdə marağı aydındır. Ölkə Mərkəzi Asiyanın qəlbində yerləşsə də, dənizə birbaşa çıxışı yoxdur. Buna görə alternativ nəqliyyat marşrutlarının, xüsusilə Xəzər üzərindən Qərbə çıxışın strateji əhəmiyyəti getdikcə artır. Azərbaycan isə bu marşrutun ən mühüm həlqələrindən biridir. Deməli, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yalnız siyasi etimad üzərində deyil, obyektiv geoiqtisadi maraqlar üzərində də qurulur”.
Y.Hacıyevanın fikrincə, uzunmüddətli perspektivdə əməkdaşlığın əsas nəticələrindən biri iki ölkənin regional çəkisinin qarşılıqlı şəkildə artması olacaq:
“Uzunmüddətli perspektivdə bu əməkdaşlığın ən böyük nəticəsi bəlkə də budur, Azərbaycan və Özbəkistan bir-birinin regional çəkisini artıran iki dövlətə çevrilirlər. Azərbaycan Özbəkistanın qərbə çıxış imkanlarını genişləndirir, Özbəkistan isə ölkəmizin Mərkəzi Asiyadakı iqtisadi və siyasi mövqeyini gücləndirir. Bu, klassik diplomatik tərəfdaşlıqdan daha mürəkkəb və daha davamlı münasibət modelidir”.
O hesab edir ki, Azərbaycan Prezidentinin Özbəkistana səfərinin əhəmiyyəti yalnız imzalanan sənədlərin sayı ilə ölçülməməlidir:
“Ona görə də Azərbaycan Prezidentinin Özbəkistana budəfəki səfərini yalnız imzalanan sənədlərin çoxluğu ilə ölçmək düzgün olmazdı. Səfərin əsl siyasi çəkisi ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan öz münasibətlərini gələcək Avrasiya düzəninin dəyişən reallıqlarına uyğunlaşdırırlar”.
Y.Hacıyeva sonda Bakı–Daşkənd münasibətlərinin artıq daha geniş regional məna daşıdığını vurğulayıb:
“Bu gün Azərbaycan–Özbəkistan xətti artıq xəritədə iki paytaxtı birləşdirən diplomatik xətt deyil. O, Mərkəzi Asiyanın iqtisadi potensialını Xəzər vasitəsilə Qafqaz, Türkiyə və Avropa ilə bağlayan, enerji və nəqliyyat marşrutlarını, investisiya və istehsal zəncirlərini, texnologiya və insan kapitalını bir araya gətirə biləcək yeni regional oxdur. Əgər bu potensial ardıcıl şəkildə reallaşdırılarsa, gələcəkdə ölkələrimiz arasında münasibətlərindən danışarkən söhbət yalnız iki ölkənin strateji tərəfdaşlığından getməyəcək. Söhbət Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkanın yaranmasından gedəcək. Və məhz bu baxımdan “Əbədi dostluq haqqında Müqavilə”nin ən mühüm mesajı keçmişə deyil, gələcəyə aiddir. Azərbaycan və Özbəkistan yalnız mövcud münasibətləri qorumaq niyyətində deyillər, onlar dəyişən Avrasiyanın yeni komunikasiya sistemində birlikdə daha böyük rol oynamağa hazırlaşırlar”.
Qeyd edək ki, 23–24 avqust tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri edib. Səfər çərçivəsində Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüşlər keçirilib, Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” və digər sənədlər imzalanıb, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram qəbul edilib. Həmçinin Prezident İlham Əliyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident Şavkat Mirziyoyev isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif olunub. Səfər zamanı “Yeni Daşkənd” layihəsi ilə tanışlıq, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı və “Azərbaycan” parkının təməlqoyma mərasimi keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buxarada bir sıra tarixi-mədəni abidələrlə tanış olublar. Səfər avqustun 24-də başa çatıb.










