Bakalavr 3 il, magistr 1 il olacaq? - ŞƏRH
Azərbaycanda ali məktəblərdə təhsil müddətinin yenidən nəzərdən keçirilməsi təklif edilir. Milli Məclisin deputatı Eldar Quliyev bakalavriat üzrə təhsil müddətinin 4 ildən 3 və ya 3,5 ilə, magistratura təhsilinin isə 1 ilə endirilməsinin mümkün olduğunu bildirib.
Deputat bu təkliflə Milli Məclisin Elm və Təhsil Komitəsinin iclasında çıxış edib.
O, 1news.az-a açıqlamasında təşəbbüsün daha əvvəl Azərbaycan Diplomatiya Akademiyasının (ADA) prorektoru Fariz İsmayılzadə tərəfindən səsləndirildiyini deyib.
Quliyevin sözlərinə görə, hər hansı qərar qəbul edilməzdən əvvəl Elm və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası və ali təhsil müəssisələrinin nümayəndələri ilə ətraflı müzakirələr aparılmalıdır. Eyni zamanda, digər ölkələrin, xüsusilə də bakalavriat üzrə 3 və 3,5 illik proqramların tətbiq olunduğu Avropa dövlətlərinin təcrübəsinin öyrənilməsi təklif olunur.
Deputat təhsil müddətinin azaldılması imkanını son illərdə təhsil prosesində baş verən dəyişikliklərlə də əlaqələndirib. Onun fikrincə, rəqəmsal texnologiyaların və süni intellektin inkişafı tələbələrə məlumatı müstəqil şəkildə əldə etmək üçün daha geniş imkanlar yaradıb.
“Bu gün tələbələrin demək olar ki, bütün zəruri məlumatları əllərinin altındadır. Onların informasiya əldə etmək imkanları 20 il əvvəlki dövrlə müqayisədə xeyli genişdir. Artıq bizim vaxtımızda olduğu kimi kitabxanalara gedib lazımi materialları axtarmağa ehtiyac qalmır”, - deyə Quliyev qeyd edib.
O hesab edir ki, təhsil proqramları düzgün şəkildə hazırlanarsa, bakalavriat müddətinin 3 və ya 3,5 ilə endirilməsi mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir göstərməyə bilər. Deputat vurğulayıb ki, söhbət təhsil müddətinin mexaniki şəkildə azaldılmasından getmir. Bunun üçün ilk növbədə mövcud proqramlara yenidən baxılmalı, tələbələr üçün hansı fənlərin və hazırlıq həcminin həqiqətən zəruri olduğu müəyyənləşdirilməlidir.
Magistratura təhsilinin müddəti də yenidən nəzərdən keçirilə biləcək məsələlər sırasında yer alır. Quliyev bildirib ki, Avropanın bir sıra ölkələrində magistr proqramları 1 il davam edir. Onun sözlərinə görə, Azərbaycanda da bu müddət beynəlxalq təcrübə nəzərə alınmaqla yenidən qiymətləndirilə bilər.
Deputatın fikrincə, magistratura müddətinin azaldılması da təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olmaya bilər. Burada əsas amillərdən biri proqramın məzmunu və tələbələrin hazırlıq səviyyəsidir.
Quliyev vurğulayıb ki, mümkün dəyişikliklərin əsas məqsədi yalnız təhsil müddətini azaltmaq deyil, gənc mütəxəssislərin daha sürətli peşəkar inkişafına şərait yaratmaqdır. Onun sözlərinə görə, magistraturanı başa vuran tələbələr təhsillərini doktorantura səviyyəsində davam etdirmək və elmi fəaliyyətlə məşğul olmaq imkanına malik olmalıdırlar.
Bununla yanaşı, doktorantura və dissertantura üzrə təhsil müddətinin hazırkı mərhələdə dəyişdirilməsi təklif edilmir.
Deputat qeyd edib ki, təşəbbüs hələlik müzakirə mərhələsindədir. Bütün tərəflərin mövqeyi razılaşdırıldıqdan sonra qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi məsələsi gündəmə gətirilə bilər.
“Bu, dərhal dəyişdirilə biləcək məsələ deyil. Mütəxəssislər bir araya gəlməli, bütün detalları müzakirə etməli və yekun qərara gəlməlidirlər. Əgər hər kəs bu təşəbbüsü dəstəkləsə, o zaman qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi məsələsini qaldıracağıq”, - deyə deputat əlavə edib.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyevə (Əfəndi) suallar ünvanlayaraq mövqeyini öyrəndik.
Ekspertin sözlərinə görə, bakalavr təhsilinin üç il olması məsələsi müzakirə olunur. Təhsil müddətinin əsasən üç il olması nəzərdə tutulur. Magistratura təhsilinin isə iki ildən bir ilə endirilməsi məsələsi müzakirə edilir.
“Bunu əsasən qeyri-ixtisas fənlərinin hesabına azaltmaq düşünülür. Çünki məqsəd bakalavr və magistr təhsilində qeyri-ixtisas fənlərinin tədris proqramlarına əlavə edilməsi ilə təhsil müddətinin uzadılmasının qarşısını almaqdır. Belə olan halda təhsil müddəti üç il və bir ilədək endirilə bilər. Bu da əsasən laboratoriya şəraiti tələb olunmayan ixtisas istiqamətlərini əhatə edir.
Həmin dəyişikliklər tətbiq edilərkən əmək bazarındakı vəziyyəti də dəyərləndirmək lazımdır. Çünki indiyə qədər 4 ildən bir əmək bazarına 50–60 min ali təhsilli şəxs yönləndirilirdisə, indi isə hər üç ildən bir 50–60 min, hətta daha çox şəxs əmək bazarına daxil olacaq. Bu isə müəyyən müddət sonra sosial bir problemə çevrilə və işsizlərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.
Əgər bu qərar qəbul ediləcəksə, bununla paralel olaraq əmək bazarında da iş imkanlarının artırılması barədə düşünülməlidir. Tələbələrin üç ildən sonra əmək bazarına ixtisaslı kadr kimi çıxarkən işlə təmin olunmaq imkanları da geniş olmalıdır. Əks halda, hazırda 70–80 min işsiz kimi qeydiyyatda olan şəxs varsa, üç ildən bir bu rəqəmin 150–160 min həddinə qədər artması mümkündür”, - deyə ekspert bildirib.
Sözardı
Beləliklə, ali təhsil müddətinin qısaldılması ilə bağlı təklif həm təhsil prosesinin daha səmərəli təşkili, həm də əmək bazarına mümkün təsirləri baxımından geniş müzakirə tələb edir. Belə qərara gəlmək olar ki, mümkün dəyişikliklər zamanı yalnız təhsil proqramlarının yenilənməsi deyil, eyni zamanda artacaq məzun sayının əmək bazarında qarşılanması və onların işlə təmin olunması imkanları da nəzərə alınmalıdır.








