Vüqar İskəndərov: Azərbaycan artıq reallığa uyğunlaşan deyil, reallıq yaradan dövlətdir | 1news.az | Xəbərlər
Mövqe

Vüqar İskəndərov: Azərbaycan artıq reallığa uyğunlaşan deyil, reallıq yaradan dövlətdir

Oksana Orucova16:46 - Bu gün
Vüqar İskəndərov: Azərbaycan artıq reallığa uyğunlaşan deyil, reallıq yaradan dövlətdir

"Cənab Prezident İlham Əliyevin son çıxışındakı əsas siyasi mesajlardan biri məncə çox aydındır: Azərbaycan öz milli maraqlarını əsas götürərək türk dünyasında, Qafqazda və İslam dünyasında fəal siyasət aparan müstəqil güc mərkəzinə çevrilib".

1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat deyib ki, biz heç kimin siyasi orbitinə daxil olmuruq, əksinə, öz orbitimizi, öz əməkdaşlıq məkanımızı genişləndiririk. Azərbaycanın marağı haradadırsa, siyasətimizin istiqaməti də oradadır

"Azərbaycanın həm türk dünyasının, həm Qafqazın, həm də İslam dünyasının ayrılmaz hissəsi olması yalnız coğrafiya və ya tarixi-mədəni bağlılıq məsələsi deyil. Bu gün həmin mənsubiyyət konkret siyasi, iqtisadi və təhlükəsizlik məzmunu qazanıb. Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın güclənməsində fəal iştirak edir, Qafqazda yeni siyasi reallığın əsas müəlliflərindən biridir, İslam dünyasında isə həmrəylik və qarşılıqlı dəstək prinsipini ardıcıl müdafiə edir.

Burada bizim üçün əsas meyar Azərbaycan dövlətinin mənafeyidir. Türk dünyasının güclənməsi Azərbaycanın güclənməsidir. Qafqazda sülh və sabitlik Azərbaycanın inkişafına xidmət edir. İslam dünyasında həmrəyliyin möhkəmlənməsi isə ölkəmizin beynəlxalq mövqelərini daha da genişləndirir. Yəni bu istiqamətlər bir-birinə alternativ deyil, Azərbaycanın milli maraqlarının müxtəlif coğrafiyalardakı davamıdır".

V.İsgəndərov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bu siyasətin çəkisi daha da artdı.

"Azərbaycan artıq regionda başqalarının yaratdığı reallıqlara uyğunlaşan dövlət deyil. Reallıq yaradan, gündəlik müəyyən edən və öz milli maraqlarını masada müdafiə edə bilən dövlətdir. Qarabağ Zəfəri bunun ən aydın siyasi və tarixi sübutudur.

Postmüharibə dövründə isə gücün başqa forması ön plana çıxır. Azərbaycan qalib dövlət kimi sülh təklif edir, kommunikasiyaların açılmasını istəyir, iqtisadi əməkdaşlıq və regional inteqrasiya modeli irəli sürür. Bu, zəifliyin deyil, öz gücünə arxayın dövlətin davranışıdır. Müharibəni qazanmaq böyük tarixi hadisə idi, qazanılmış Zəfəri uzunmüddətli siyasi və iqtisadi üstünlüyə çevirmək isə növbəti strateji mərhələdir".

"Azərbaycanın türk dünyasındakı roluna da yalnız ortaq dil və mədəniyyət prizmasından baxmaq artıq kifayət etmir" - deyə o, əlavə edib:

"Xəzər, Orta Dəhliz, enerji layihələri, Şərq-Qərb nəqliyyat bağlantıları və Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanı türk coğrafiyasını birləşdirən əsas halqalardan birinə çevirir. Coğrafiyamız tarix boyu dəyişməyib, amma bu gün həmin coğrafiyanın siyasi qiyməti dəyişib.

Prezidentin İslam həmrəyliyi ilə bağlı mesajlarında da çox vacib bir prinsip var: parçalanmış coğrafiyalar başqalarının təsir meydanına çevrilir, əməkdaşlıq edən dövlətlər isə öz maraqlarını daha yaxşı müdafiə edə bilirlər. Azərbaycanın yanaşması da kiməsə qarşı blok yaratmaq deyil, ortaq maraqlar ətrafında daha güclü əməkdaşlıq qurmaqdır.

Mədəni irs məsələsi isə bütün bunların mənəvi bazasıdır. Azərbaycan Şərqlə Qərbin, türk dünyası ilə Qafqazın, İslam mədəniyyəti ilə fərqli sivilizasiyaların kəsişdiyi ölkədir. Bizim üstünlüyümüz bu müxtəliflikdən qorxmaq yox, onu dövlətimizin siyasi və mədəni kapitalına çevirmək bacarığımızdır".

Deputat qeyd edib ki, dünya sürətlə dəyişir. Köhnə güc mərkəzləri əvvəlki imkanlarını itirir, yeni regional mərkəzlər formalaşır.

"Belə bir dövrdə Azərbaycanın ən böyük üstünlüyü odur ki, seçim qarşısında qalmır: “Şərq, yoxsa Qərb?”, “türk dünyası, yoxsa İslam dünyası?”, “Qafqaz, yoxsa Mərkəzi Asiya?” Bizim cavabımız sadədir — Azərbaycanın milli marağı haradadırsa, Azərbaycan da oradadır.

Məhz bu siyasət ölkəmizi yalnız Cənubi Qafqaz dövləti çərçivəsindən çıxararaq daha geniş geosiyasi məkanların fəal iştirakçısına çevirir. Bu gün Azərbaycanın sözü ona görə eşidilir ki, arxasında müstəqil siyasət, iqtisadi imkan, hərbi güc, tarixi Zəfər və ən əsası, öz mənafeyini özü müəyyən edən dövlət iradəsi dayanır".

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər