Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə üçün icazə necə alınmalıdır? - Qaydalar açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə üçün icazə necə alınmalıdır? - Qaydalar açıqlandı

Qafar Ağayev12:48 - Bu gün
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə üçün icazə necə alınmalıdır?  - Qaydalar açıqlandı

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin həyata keçirilməsi qaydaları açıqlanıb.

1news.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bununla bağlı məlumat yayıb.

Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti ADSEA-ya həvalə edilib.

Həmçinin Prezidentin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiqlənib.

Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir. Bu qaydalar sahibkarlıq fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət etməlidirlər.

Müraciət zamanı ərizəçinin təqdim etdiyi sənədlər təhlil edilir və onların Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Eyni zamanda, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir və su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır.

Aparılan təhlil və qiymətləndirmələrin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir.

Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Xidmət qeyd edib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Qeyd edək ki, sentyabrın 1-dən etibarən sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər