Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
2013-cü ildə Şəmkirdə xüsusi amansızlıqla törədilən qətlin üstü açılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
1news.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində 5 avqust 2013-cü il tarixdə saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qətlə yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilib.
Birgə və koordinasiyalı şəkildə aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı cib bıçağı ilə çoxsaylı zərbələr endirməklə öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı X.Məmmədovun daha sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşdığı müəyyənləşdirilib.
Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı cinayəti törətdiyini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə X.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.












