Suverenliyimizin tam bərpası ilə nəticələnən 23 saat: Antiterror Tədbirlərindən 3 İl ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Suverenliyimizin tam bərpası ilə nəticələnən 23 saat: Antiterror Tədbirlərindən 3 İl ötür

Qafar Ağayev11:01 - Bu gün
Suverenliyimizin tam bərpası ilə nəticələnən 23 saat: Antiterror Tədbirlərindən 3 İl ötür

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin başlanmasının üzərindən düz üç il keçir.

Bu əməliyyat ölkəmizin ərazi bütövlüyünün tam bərpası yolunda son və həlledici addım olmuşdu.

Gərginliyin artmasının səbəbləri

1news.az xəbər verir ki, əməliyyata start verilməzdən bir neçə ay öncə vəziyyət kəskin şəkildə pisləşməkdə idi. Qarabağdakı erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini müntəzəm olaraq müxtəlif kalibrli silahlardan atəşə tuturdu. Paralel olaraq ərazilərimizin minalanması davam etdirilir, düşmən öz mövqelərini mühəndis baxımından möhkəmləndirir, səngər və sığınacaqlarının sayını artırırdı.

Müşahidələr göstərirdi ki, erməni tərəfi öz mövqelərini şəxsi heyət, zirehli texnika və artilleriya qurğuları hesabına gücləndirir, bölmələrini yüksək döyüş hazırlığına gətirir, əlavə səfərbərlik bölmələri yaradır və Azərbaycan Ordusuna qarşı kəşfiyyat fəaliyyətini genişləndirirdi. Bundan əlavə, minalardan artıq təmizlənmiş ərazilər və mülki yollar terror-təxribat məqsədilə yenidən minalanırdı.

Faciəli hadisə: 19 sentyabr 2023

2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən qurulmuş minanın partlaması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəqliyyat vasitəsini sıradan çıxardı, nəticədə mülki şəxslər həlak oldu. Elə həmin gün Daxili Qoşunların hərbi qulluqçularını daşıyan avtomobil də minaya düşdü, hərbçilərimiz şəhid oldu və yaralandı.

Müdafiə Nazirliyi dəfələrlə xatırladırdı ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan silahlı qüvvələrinin Qarabağda qalması regionda sülh və sabitliyə real təhdid yaradır.

Əməliyyata start verilir

Bu şəraitdə üçtərəfli bəyanatın icrasını təmin etmək, genişmiqyaslı təxribatların qarşısını almaq, düşmən qüvvələrini tərksilah edərək ərazidən çıxarmaq, hərbi infrastrukturu zərərsizləşdirmək, geri qayıdan dinc əhalinin və bərpa-quruculuq işlərində çalışan mülki şəxslərlə hərbçilərin təhlükəsizliyini qorumaq, nəhayət, konstitusiya quruluşunu bərpa etmək məqsədilə sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Əməliyyat çərçivəsində yüksək dəqiqlikli silahlardan istifadə edilərək düşmənin ön xətt və dərinlikdəki mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi obyektləri sıradan çıxarıldı. Vurğulanmalıdır ki, bütün proses boyu mülki əhali və mülki infrastruktur heç vaxt hədəfə alınmadı. Sursatı tükənən erməni hərbçiləri isə qısa müddətdə pərakəndə halda mövqelərini tərk etməyə başladılar.

Atəşkəs razılaşması

Cəmi bir gün sonra, sentyabrın 20-də saat 13:00-da tərəflər arasında əməliyyatın dayandırılması ilə bağlı razılıq əldə edildi. Sazişin əsas bəndləri belə idi:

  • Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni dəstələri silahı yerə qoyur, mövqelərdən çıxır və tam tərksilah olunurlar, sonrasında isə Azərbaycan ərazisini tərk edirlər;
  • Bütün silah-sursat və ağır texnika təhvil verilir;
  • Bu proseslərin icrasına Rusiya sülhməramlı kontingenti nəzarət edir.

Prezidentin xalqa müraciəti

Elə həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək bildirdi ki, 19 sentyabr saat 13:00 radələrində başlayan antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib. Dövlət başçısı əməliyyat zamanı hərbçilərimizin göstərdiyi peşəkarlığı və şücaəti xüsusi vurğulayaraq bildirdi ki, ağır relyef və düşmənin uzun illər qurduğu istehkamlara baxmayaraq, ordumuz qısa müddətdə bütün istiqamətlərdə əhəmiyyətli uğurlar qazanıb.

Prezident həmçinin diqqətə çatdırdı ki, əməliyyatdan öncə bütün hərbi birləşmələrə ciddi tapşırıq verilmişdi - Qarabağda yaşayan erməni əhalisi zərbə altına düşməməli, mülki infrastruktura toxunulmamalı idi. Onun sözlərinə görə, bu vəzifə yüksək dəqiqlikli silahlar və ordunun peşəkarlığı sayəsində uğurla yerinə yetirilib.

Təəssüf ki, əməliyyat qurbansız başa çatmadı, antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid oldu.

Aşkarlanan sursat və minalar

Ərazinin sonrakı yoxlanışı zamanı ordunun mühəndis-istehkam bölmələri çoxlu sayda mina və kustar üsulla hazırlanmış partlayıcı qurğularla dolu anbarlar aşkarladı. Müəyyən edildi ki, minaların bir hissəsi 2021-ci ildə məhz Ermənistanda istehsal olunub, əl ilə düzəldilmiş partlayıcılar isə artilleriya mərmilərindən hazırlanıb.

Oktyabrın 2-nə olan yekun məlumata görə, müsadirə edilən hərbi əmlak arasında 2608 atıcı silah, 235 qumbaraatan, 60 top və haubitsa, 64 minaatan, 58 tank əleyhinə silah, 165 HHM vasitəsi, 31 zirehli texnika, 265 avtomobil, 1700 raket, milyonlarla patron və digər mərmi növləri var idi.

Qondarma qurumun süqutu və reinteqrasiya

Sentyabrın 28-də Qarabağdakı qondarma qurum Samvel Şahramanyanın qərarı ilə özünü buraxdığını elan etdi; 2024-cü il yanvarın 1-dən onun bütün strukturları fəaliyyətini dayandırdı və "Dağlıq Qarabağ respublikası" tarixə qovuşdu. Bundan sonra qondarma rejimin keçmiş "prezidentləri" — Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, habelə David Babayan, David İşxanyan, Lyova Mnatsakanyan, David Manukyan və Ruben Vardanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətirildilər.

Paralel olaraq Azərbaycan bölgədə yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində konkret addımlar atmağa başladı. Bu proses Konstitusiya, qanunvericilik və beynəlxalq öhdəliklər çərçivəsində, etnik, dini və dil mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və təhlükəsizliyinə təminat verilməsi prinsipi əsasında aparılır.

Bayraq ucaldılan günlər

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə, Xocalı, Xocavənd, Əsgəran, Sərsəng su anbarı ərazisi və Xankəndidə Dövlət Bayrağını ucaltdı. Xankəndidəki çıxışında dövlət başçısı bu günü tarixi gün adlandıraraq bildirdi ki, illər boyu aparılan ardıcıl işin nəticəsində yaradılan güclü ordu həm 44 günlük Vətən müharibəsində, həm də cəmi 23 saat davam edən antiterror əməliyyatında düşməni təslim olmağa məcbur edib.

8 noyabr 2023-cü ildə isə Xankəndidə Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi; parada Prezident, Ali Baş Komandan İlham Əliyev ailə üzvləri ilə birgə qatıldı.

Birgə Monitorinq Mərkəzinin dayandırılması və Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi

Antiterror tədbirlərinin təbii nəticəsi olaraq, əvvəllər Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2024-cü il aprelin 26-dan fəaliyyətini dayandırdı, Rusiya sülhməramlı kontingenti isə Azərbaycan ərazisini tamamilə tərk etdi.

Bu hadisələrin xatirəsini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü, eyni zamanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

Böyük Qayıdış davam edir

Hazırda işğaldan azad olunmuş bu ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində fəal quruculuq işləri aparılır. Ağdərə, Xocalı, Xocavənd və Xankəndi istiqamətində yeni yaşayış massivləri, infrastruktur obyektləri və sosial təyinatlı binalar tikilir, köhnə yollar bərpa olunur, elektrik və qaz təchizatı xətləri çəkilir.

Bölgəyə köçürülən ailələrin sayı ilbəil artır, məcburi köçkün ailələr doğma torpaqlarına qayıdaraq yeni evlərinə yerləşdirilir. Paralel olaraq bölgədə məktəb, uşaq bağçası, xəstəxana və digər sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi davam edir ki, bu da ərazidə həyatın tam bərpasına şərait yaradır.

Beləliklə, bir vaxtlar işğal altında olan, dağıdılmış bu torpaqlar bu gün addım-addım canlanır, yenidən qurulur və Azərbaycan vətəndaşlarının doğma yurduna çevrilir. Bu proses ölkə rəhbərliyinin həm hərbi, həm də quruculuq sahəsindəki ardıcıl siyasətinin təbii davamı kimi dəyərləndirilir.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər