Tramp ABŞ-nin Qrenlandiyada “daimi təhlükəsizlik nəzarəti” üçün Danimarka ilə razılaşdığını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ABŞ, Danimarka və Qrenlandiya arasında adanın təhlükəsizliyi ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada deyib.
O bildirib ki, əldə olunan razılaşma ABŞ-a Qrenlandiyanın təhlükəsizliyi və digər ehtiyacları üzərində “daimi nəzarət” hüququ verir və Vaşinqtonun adaya dair narahatlıqlarını aradan qaldırır.
Trampın sözlərinə görə, razılaşma ABŞ üçün heç bir maliyyə öhdəliyi yaratmır. O, razılaşma çərçivəsində ABŞ-ın Qrenlandiyada adanın və ABŞ-ın təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi addımları atmaq imkanının təmin edildiyini bildirib.
ABŞ Prezidenti əlavə edib ki, bundan sonra heç bir ABŞ rəqibi Vaşinqtonun açıq yazılı razılığı olmadan Qrenlandiyada hərbi baza yarada, hərbi qüvvə yerləşdirə və ya həssas investisiyalar həyata keçirə bilməyəcək.
Tramp razılaşmanın müddətsiz olduğunu vurğulayıb.
“Qrenlandiyanın uyğun ərazilərindən birində genişmiqyaslı hərbi mövcudluq yaratmaq prosesinə dərhal başlayacağıq”, - deyə o bildirib.
Tramp həmçinin Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını qeyd edib və adanın gələcəkdə daha güclü şəkildə qorunacağını bildirib.












