Məktəblərdə Azərbaycan dili ilə bağlı dəyişiklik: dərs saatları artırılır
“Növbəti önəmli məsələ tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili kimi) fənninin saatlarının artırılmasıdır”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan dilində tədrisin keyfiyyətinin artırılması Azərbaycanda ən vacib məqsədlərimizdən biridir. Burada təxminən 150 min şagirdi əhatə edəcək və Azərbaycan dili 1-9-cu siniflərdə 3 saatdan 4 saatadək, 10-11-ci siniflərdə 2 saatdan 3 saatadək artırılacaq. Ümid edirik ki, digər dillərdə təhsil alan şagirdlərimizə Azərbaycanın dövlət dilini daha yaxşı öyrənməyə imkan yaradacaq. Ümumiyyətlə biz əvvəlki illərdə də bu prosesi aparmışıq, yəni bir dəfə 1 saat artırmışdıq, yenə 1 saat artırırıq. Bundan başqa, bir sıra fənlər, o cümlədən Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunur. Bütün bu dəyişikliklər Azərbaycanın dövlət ümumi təhsil məktəblərində tədris alan şagirdlərin Azərbaycan dilini daha yaxşı öyrənməsi üçündür”.












