Şəki irsinə “Arxadan vurulan zərbə”: Lövhəsi var, bərpası yox - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəki irsinə “Arxadan vurulan zərbə”: Lövhəsi var, bərpası yox - FOTO - VİDEO

Ayşən Salehli13:26 - 16 / 09 / 2026
Şəki irsinə “Arxadan vurulan zərbə”: Lövhəsi var, bərpası yox - FOTO - VİDEO

Tarix həmişə kitablardan oxunmur, bəzən onu dağılmış divarlarda, unudulmuş məkanların sükutunda tapırıq.

Bideyiz sakinlərinin tarixi abidələrin vəziyyəti ilə bağlı şikayətləri əsasında 1news.az olaraq kəndə yollandıq. Yerində apardığımız müşahidələr zamanı “Arxadan vurulan zərbə” filminin çəkildiyi tarixi dəyirmanın da, qədim Alban məbədinin də dam örtüyünün çökdüyünü, divarlarının bir hissəsinin uçduğunu və içərisini kol-kos basdığını gördük. Yəni sakinlərin dilə gətirdiyi narahatlıq heç də əsassız deyil - tarix qorunmaq əvəzinə yox olmaq həddinə gəlib.

“Arxadan vurulan zərbə” filminin bəzi hissələrinin Şəkidə çəkildiyini bilirdiniz?

Milli kinomuzun ən baxımlı detektiv filmlərindən sayılan bu ekran əsərinin bir sıra yaddaqalan epizodları Şəki bölgəsində - Bideyiz kəndində lentə alınıb.

Cəbinin (Rasim Balayev) dəyirmanda qətlə yetirilməsi, müstəntiq Gündüz Kərimbəylinin (Şahmar Ələkbərov) cinayət yerinə doğru addımlaması... Bütün bu kadrlar Şəkinin Bideyiz kəndindəki tarixi dəyirmanda lentə alınıb. Ekran əsərinə fərqli bir ruh, qədimlik və sirr qatan bu məkan kino yaddaşımızın canlı şahidi kimi günümüzədək gəlib çıxsa da, hazırda acınacaqlı vəziyyətdədir. Dəyirmanın dam örtüyü çöküb, divarlarının bir hissəsi isə uçub-dağılıb. Kənd sakinlərinin təbirincə desək, dəyirmanı ötüb keçən zaman deyil, aidiyyəti qurumların biganəliyi dağıdıb. Son taqəti ilə ayaqda durmağa çalışan qədim dəyirman hər ötən gün kino irsimizin xatirələri ilə birgə unudulmağa və məhv olmağa davam edir.

Problem yalnız tarixi dəyirmanla bitmir

Bideyizdə etinasızlığa məruz qalan yeganə tikili bu deyil. Köhnə dəyirmanın yaxınlığında sonradan tikilmiş başqa bir dəyirman da var. Təəssüf ki, elektriklə çalışan bu yeni dəyirman da baxımsızlıqdan sıradan çıxıb. Hazırda fəaliyyət göstərməməsi səbəbindən kənd sakinləri buğda üyütmək üçün qonşu kəndlərə üz tutmaq məcburiyyətində qalırlar. Bu isə yerli əhali üçün həm vaxt, həm də əlavə maliyyə itkisinə səbəb olur.

Qoruma lövhəsi var, amma qoruyan yoxdur

Kənddə narahatlıq doğuran başqa bir məsələ isə bölgədəki qədim Alban məbədinin taleyidir. Önünə “Dövlət tərəfindən qorunur” lövhəsi vurulmuş, “ölkə əhəmiyyətli memarlıq abidəsi” statusu daşıyan abidənin hazırkı vəziyyəti məbədin aidiyyəti qurumların deyil, taleyin ümidinə buraxıldığını göstərir. Tavanı çökmüş, içərisini kol-kos basmış XII əsr yadigarı olan bu məkan bərpa olunacağı günü deyil, sanki tamamilə yerlə-yeksan olacağı anı gözləyir. Görünür, divardakı parıltılı lövhə belə abidəni zamana və təbiətin amansızlığına qarşı qorumağa kifayət etmir.

Aidiyyəti qurumların xroniki etinasızlığından təngə gələn Bideyiz sakinləri haqlı olaraq soruşurlar: Görəsən, divara vurulan “Dövlət tərəfindən qorunur” lövhəsi abidəni mühafizə edir, yoxsa qurumların biganəliyini gizlədir? Bəs “Arxadan vurulan zərbə” filminin çəkildiyi tarixi dəyirmanın göz görə-görə məhv olmasına daha neçə il göz yumulacaq? Kənddəki yeni dəyirman nə üçün fəaliyyətsiz qalaraq baxımsızlığa mahkum edilib?

Mövzu ilə bağlı aidiyyəti qurumun cavabı

Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Şəki rayonunun Bideyiz kəndində yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan məbədin mövcud vəziyyətində mühafizə olunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət edilir.

Qurumdan qeyd olunub ki, abidə mühafizəçiləri tərəfindən məbədə mütəmadi baxışlar keçirilir, abidənin mövcud vəziyyəti, baş vermiş dəyişikliklər qeydə alınır. Həmçinin məbədin pasportu hazırlanıb, mühafizə zonası təsdiq olunub. Ötən il abidəyə yeni məlumat lövhəsi vurulub. Abidənin bərpa-konservasiya işlərinin həyata keçirilməsi məsələsinin isə növbəti illər üzrə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi imkanları nəzərdən keçiriləcək.

Həmin ərazidə yerləşən dəyirmana gəlincə, Nazirlikdən bildirilib ki, obyekt daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil:

“Bununla bağlı həmin tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçirilib və reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınıb. Sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacaqdır”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov müraciətimizə cavab olaraq bildirib ki, Bideyizdəki tarixi obyektlərin vəziyyəti ilə bağlı artıq Mədəniyyət Nazirliyinin müvafiq agentliyinə sorğu ünvanlayıb. Deputat rəsmi cavab daxil olduqdan sonra məsələyə münasibət bildirəcəyini qeyd edib.

Şəki Şəhər İcra Hakimiyyətindən redaksiyamıza daxil olan rəsmi cavabda bildirilib ki, ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Alban məbədi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansındadır və bu səbəbdən abidənin təmiri yerli İcra Hakimiyyətinin və ya bələdiyyənin səlahiyyətlərinə daxil deyil. Qurumdan qeyd olunub ki, abidənin mühafizə olunmasına Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları nəzarət edir, mütəmadi baxışlar keçirilir, məbədin pasportu hazırlanıb, mühafizə zonası təsdiq olunub, ötən il yeni məlumat lövhəsi vurulub və hazırda bərpa-konservasiya işlərinin növbəti illər üzrə dövlət büdcəsi hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi imkanları nəzərdən keçirilir.

İcra Hakimiyyətindən həmçinin vuruğulanıb ki, “Arxadan vurulan zərbə” filminin çəkildiyi tarixi su dəyirmanı dövlət mülkiyyətində deyil, dünyasını dəyişmiş Bideyiz kənd sakininin xüsusi mülkiyyətindədir (vərəsələrinə məxsusdur) və abidənin təmir olunması üçün əmlak sahibinin ailə üzvlərinə müvafiq tövsiyələr verilib. Əlavə olunub ki, həmin tikili daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında yer almadığı üçün onun tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi məqsədilə Dövlət Xidməti tərəfindən baxış keçirilərək yeni aşkar edilmiş abidə qismində qeydə alınıb və məsələyə Mədəniyyət Nazirliyi yanında Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Son olaraq cavabda diqqətə çatdırılıb ki, kəndin yuxarı hissəsində yerləşən və sakinlərin gündəlik təsərrüfatı üçün əhəmiyyət kəsb edən elektrik dəyirmanı da dövlət və ya bələdiyyə balansında deyil, Bideyiz kənd sakininin xüsusi mülkiyyətindədir və özəl mülkiyyət olduğu üçün onun təmir olunması və yenidən işlək vəziyyətə gətirilməsi əmlak sahibinə tövsiyə olunub.

Ümid edirik ki, indiyədək mütəmadi baxışların keçirilməsinə baxmayaraq, acınacaqlı vəziyyətdə olan abidələrin taleyi ilə bağlı problemlər bu dəfə yalnız qeydə alınmaqla kifayətlənməyəcək və onların həlli istiqamətində konkret addımlar atılacaq. 1news.az olaraq mövzunu diqqətdə saxlayacaq və prosesin gedişatını izləməyə davam edəcəyik.

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər