23 saat davam edən əməliyyatlar hansı reallıqları ortaya çıxardı? – Politoloqdan mühüm mesajlar | 1news.az | Xəbərlər
Mövqe

23 saat davam edən əməliyyatlar hansı reallıqları ortaya çıxardı? – Politoloqdan mühüm mesajlar

First News Media14:10 - Bu gün
23 saat davam edən əməliyyatlar hansı reallıqları ortaya çıxardı? – Politoloqdan mühüm mesajlar

“2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri Azərbaycan tarixinin mühüm hadisələrindən biridir”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsində qələbə qazanan Azərbaycan Ermənistan və Rusiyanın iştirakı ilə üçtərəfli bəyanat imzalayıb və həmin sənədlə Ermənistan üzərinə müəyyən öhdəliklər götürüb:

“Lakin Ermənistan bu öhdəlikləri icra etmədi. 2023-cü il sentyabrın 19-dək bölgədə erməni hərbi birləşmələri mövcudluğunu davam etdirir, Azərbaycan Ordusuna və mülki əhaliyə qarşı təxribatlar törədirdilər. Eyni zamanda, bölgədə de-fakto qanunsuz rejim fəaliyyət göstərirdi. Ruben Vardanyan Ermənistan vasitəsilə qanunsuz şəkildə Qarabağa gəlmişdi, bəzi xarici siyasətçilər Qarabağa gətirilir, müxtəlif istiqamətlərdən bölgəyə silah-sursat daşınırdı”.

Z.Məmmədov qeyd edib ki, Ermənistan və bəzi dövlətlər Qarabağın dağlıq hissəsində separatçı rejimin fəaliyyətini davam etdirməsinə ümid edirdilər:

“Ermənistan Fransa ilə birlikdə həm BMT Təhlükəsizlik Şurasında, həm də digər beynəlxalq platformalarda Azərbaycana qarşı addımlar atırdı. Həmin Ermənistan hakimiyyəti, Nikol Paşinyan başda olmaqla, separatçılara siyasi və maddi dəstək göstərirdi. Bütün bunlar Azərbaycan dövlətini razı sala bilməzdi və nəticə etibarilə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zərurətə çevrildi”.

Politoloq vurğulayıb ki, antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib:

“Bu tədbirlər bir daha göstərdi ki, Azərbaycan Ordusu və Azərbaycan dövləti hansı gücə malikdir. Separatçı rejimin rəhbərləri bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində məhkəmə qarşısında cavab verirlər. 44 günlük Vətən müharibəsində qazanılan qələbə və antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələlərdir. Bu hadisələr Azərbaycanın gələcəyi, təhlükəsizliyi və inkişafı baxımından olduqca böyük əhəmiyyət daşıyır”.

Xatırladaq ki, Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür. 19 sentyabr 2023-cü ildə başlayan və 23 saat davam edən əməliyyat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Əməliyyat zamanı Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrinin mövqelərini və hərbi infrastrukturunu zərərsizləşdirdi. Sentyabrın 20-də əldə olunan razılaşmaya əsasən, həmin birləşmələr silahı yerə qoyaraq tərksilah edildi. Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid oldu. Sonrakı mərhələdə Qarabağda mövcud olmuş qondarma rejim öz strukturlarını buraxaraq mövcudluğuna son qoyduğunu elan etdi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə Dövlət Bayrağını ucaltdı. 2024-cü ildə Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tamamilə tərk etdi. Hazırda Qarabağda "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı quruculuq və məskunlaşdırma işləri davam etdirilir. 20 sentyabr isə Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Paylaş:
173

Son xəbərlər

Bütün xəbərlər