“Ən yaxşı tədbir ehtiyatlı olmaqdır” - Vəhşi heyvanlar kəndlərə niyə üz tutur? - FOTO - VİDEO
Bir tərəfdə kənd həyətinə qədər yaxınlaşan ayı və çaqqal, digər tərəfdə təsərrüfat sahələrində görünən ilanlar...
Son dövrlər müxtəlif bölgələrdən gələn bənzər xəbərlər fonunda Zaqatalada ayının yaşayış massivinə daxil olması məsələnin miqyasını bütün çılpaqlığı ilə ortaya qoydu. Sakinlərin təşviş içində lentə aldığı kadrlar vəhşi heyvanlarla insanların qarşılaşmasının təsadüfi xarakter daşımadığını, artıq sistemli bir problemə çevrildiyini nümayiş etdirdi. Bəs heyvanları yaşayış məntəqələrinə yaxınlaşdıran əsas səbəblər hansılardır? İnsanların davranışı bu prosesə nə dərəcədə təsir edir və təhlükəli qarşılaşmaların qarşısını necə almaq olar?
Bu, yalnız qida çatışmazlığı ilə bağlıdır, yoxsa insan fəaliyyətinin yaratdığı dəyişikliklər də burada rol oynayır? Təbii yaşayış areallarının dəyişməsi, tullantıların açıq ərazilərdə saxlanılması və insan məskənlərinin genişlənməsi vəhşi heyvanların davranışına necə təsir edir?
Belə qarşılaşmalar zamanı insanların hansı davranışları təhlükəni artıra bilər və kənd sakinləri ayı, canavar, çaqqal və ya ilan gördükdə nə etməlidirlər? İnsan təhlükəsizliyini qorumaqla yanaşı, vəhşi heyvanların və ekosistemin mühafizəsi üçün hansı tədbirlər görülməlidir?
“Oğlumu qan içində gördüm” - Canavar hücumuna məruz qalan uşağın anası
Təhlükənin yalnız sosial şəbəkədə gördüyümüz kadrlarından ibarət olmadığını göstərən canlı şahidlərdən biri də Şəki rayon Bideyiz kəndində azyaşlı oğlu ilə birlikdə canavar hücumuna məruz qalmış Nazilə Qurbanovadır. O, həmin qorxulu gecədə keçirdiyi hissləri və başlarına gələnləri belə xatırlayır:
“Hadisə günü, saat təxminən gecə 11-in yarısı evimizə doğru gedirdik: mən, qayınanam və 5 yaşlı oğlum Zaur. Hava qaranlıq olduğu üçün telefonun işığını yandırdım və birdən gördüm ki, oğlumun üzərinə bir heyvan gəlir. Əvvəlcə it olduğunu düşündüm. Oğlumun əlindən tutmuşdum, tez başını özümə tərəf sıxıb qışqırdım ki, Zaura it hücum edir! Sonra canavar mənim qıçımı dişlədi. Canavarı əlimlə vururdum, amma o uzaqlaşmırdı. Hər yer qaranlıq idi, heç nə görmürdüm, sadəcə oğlumu qollarımın arasında bərk-bərk sıxırdım ki, ona heç nə olmasın.
Sonra qonşuluqdan bir neçə kişi gəldi. Canavarla əlbəyaxa olmuşdular. Mən şokda idim, artıq gücüm tükənmişdi. Qışqırıb kömək çağırmağa başladım. Onda oğlum artıq əlimdə deyildi, qayınanamda idi. İşıqlı yerə çıxandan sonra oğlumun üzünü gördüm. Qan içində idi, sanki üzünün bir tərəfi qopmuşdu. Tez xəstəxanaya çatdırdıq, ilk tibbi yardım göstərildi və iynəsi vuruldu. Ümumilikdə canavar mənə, qayınanama, Zaura və bizi xilas etmək üçün köməyə gələn iki qonşumuza hücum xəsarət yetirmişdi.
Bu ilk hal idi, ona görə də hamı şokda idi. Neçə illərdir bu kənddəyik, belə bir şey olmamışdı. Dağlarda heyvanlara hücum etdiyi vaxtlar olmuşdu, amma kəndin içinə girib insanlara hücum etməyi ilk dəfə idi və bizim başımıza gəldi. Bu hadisədən sonra kənd sakinləri bir müddət uşaqlarını küçəyə tək buraxmadılar, məktəbə maşınla aparıb-gətirdilər. Bəzi küçələrdə işıq yox idi, baş verənlərdən sonra hamı öz qapısına işıq çəkdirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovun sözlərinə görə, son dövrlərdə ayı, canavar və çaqqalların yaşayış məntəqələrinə və ev təsərrüfatlarına yaxınlaşmasının əsas səbəbi qida axtarışıdır.
“Hazırda ayıların qış yuxusuna hazırlaşdığı dövrdür. Qış yuxusuna hazırlaşmaq üçün karbohidrat axtarırlar. Çürük meyvə, qida tullantısı - nə olsa yeyirlər ki, qış yuxusuna getmək üçün bədənlərində piy qatı formalaşsın. Meşələrdə qida tapmayanda məcburən insanların yaşadığı ərazilərə gəlirlər”, - deyə o bildirib.
A.Məmmədov meşələrin azalmasının vəhşi heyvanların yaşayış arealına mənfi təsir göstərməsi ilə bağlı fikirləri də şərh edib. Onun sözlərinə görə, Azərbaycanda meşələrin azalması problemi yoxdur:
“Əksinə, meşəsalma işləri gedir və meşələr artırılır. Yəni bu amillər təbii areala heç bir mənfi təsir göstərmir. Bəzən yolların çəkilməsi problem yaradır. Çünki yollar meşə ərazilərinin kənarından keçir və orada avtomobillər sürətlə hərəkət edir. Ayı, canavar və ya tülkülər bilmədən trasa çıxanda qəzalar baş verir. Məsələn, bir-iki dəfə İsmayıllı tərəfdə ayının avtomobil vurması faktı qeydə alınıb”.
“Ən yaxşı tədbir ehtiyatlı olmaqdır”
İctimai Şura sədri vəhşi heyvanlarla qarşılaşma ehtimalına qarşı insanların ehtiyatlı davranmasının vacibliyini vurğulayıb.
“Vəhşi heyvanlarla qarşılaşma ehtimalına qarşı kənddən çox uzağa getməmək, piyada gəzməmək və ən azı avtomobillə hərəkət etmək məsləhətdir. Vəhşi heyvanlar işıq olan və kəndin içində avtomobillərin hərəkət etdiyi yerlərə çox yaxınlaşmırlar. Ona görə də kənddən, hətta gündüz saatlarında belə çox uzaqlaşmamaq tövsiyə olunur. Ən yaxşı tədbir ehtiyatlı olmaqdır”, - deyə A.Məmmədov qeyd edib.
O, təsərrüfat sahələrini və yaşayış məntəqələrini vəhşi heyvanların yaxınlaşmasından qorumaq üçün müxtəlif üsullardan istifadə oluna biləcəyini də bildirib.
“Bunu yanıb-sönən işıqlarla etmək olar. Yaxud “tok çobanı” deyilən üsuldan istifadə edilir. Ərazinin ətrafına çox cüzi, məsələn, 12 voltluq gərginlik buraxılan məftil çəkilir. Ayı və ya çaqqal həmin simə toxunduqda elektrik vurur və heyvan qorxaraq bir daha həmin əraziyə yaxınlaşmır”, - deyə o bildirib.
İlanlarla bağlı nə etmək lazımdır?
A.Məmmədov ilanların əsasən kolluq ərazilərdə olduğunu və həyətyanı sahələrdə hündür otların vaxtında təmizlənməsinin vacib olduğunu deyib.
“İlanların həyətyanı sahəyə gəlməməsi üçün hündür otları vaxtında təmizləmək lazımdır. İlan gördükdə isə insan ehtiyatlı olmalı və mümkün qədər uzaq məsafəyə çəkilməlidir”, - deyə o vurğulayıb.
Zəhərli olmayan ilanların öldürülməsinin ekosistemə təsirinə toxunan A.Məmmədov bunun ciddi təsir yaratmadığını bildirib.
“Onun sözlərinə görə, vəhşi heyvanların qorunması ilə insanların təhlükəsizliyi arasında balansın saxlanılması dövlət tərəfindən müvafiq şəkildə tənzimlənməli, vəhşi heyvanların arealı ilə məskunlaşma əraziləri arasındakı məsafə nəzərə alınmalıdır”.
Dövlət qurumları və mütəxəssislər hərəkətə keçdi
Məsələnin aktuallığı rəsmi səviyyədə də müzakirəyə çıxarılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən görüşdə son dövrlər meşə massivləri ətrafında yerləşən yaşayış məntəqələrindən ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması, təsərrüfatlara və heyvanlara ziyan vurması ilə bağlı daxil olan müraciətlər müzakirə edilib.
Görüşdə əsas diqqət belə halların qarşısının alınması üçün konkret tədbirlərin müəyyənləşdirilməsinə yönəlib. Mütəxəssislər müxtəlif ölkələrdə tətbiq olunan təcrübələri nəzərdən keçirib, ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq üçün hürküdücü vasitələrdən və digər qabaqlayıcı üsullardan istifadə imkanlarını müzakirə ediblər.
Məsələnin digər tərəfi isə insanların təhlükəsizliyi ilə yanaşı, vəhşi heyvanların qorunmasıdır. Nazirliyin məlumatına görə, tədbirlər müəyyənləşdirilərkən hər iki istiqamət nəzərə alınacaq. Çünki qonur ayı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş növlərdəndir.
Görüşdə əhali arasında təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmənin gücləndirilməsi də gündəmə gətirilib. Həmçinin məsələnin yerli səviyyədə həlli üçün aidiyyəti rayon icra hakimiyyətlərinə müraciət olunması müzakirə edilib.
Yəni söhbət yalnız ayrı-ayrı heyvanların yaşayış məntəqəsindən uzaqlaşdırılmasından getmir. Hazırda əsas məsələ həm insanların və təsərrüfatların təhlükəsizliyini təmin edən, həm də vəhşi heyvanların qorunmasına imkan verən sistemli tədbirlərin müəyyənləşdirilməsidir.












