BMTMM-in analitik məqaləsi “EU Reporter”də yayımlandı – İlham Əliyevin çıxışının əsas tezisləri
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi proqram xarakterli çıxışının əsas tezislərinə həsr olunmuş analitik məqaləsi nüfuzlu EU Reporter nəşrində dərc olunub.
1news.az təhlilin Azərbaycan dilində olan mətnini təqdim edir:
Güc vasitəsilə sülh: Prezident İlham Əliyevin çıxışı və Azərbaycanın təhlükəsizlik prioritetləri
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) Qurultayında etdiyi çıxış yalnız partiya tədbiri çərçivəsində səsləndirilmiş nitq olmaqla məhdudlaşmırdı. Çıxışda Azərbaycanın 2020-2023-cü illərdə döyüş meydanında bərpa etdiyi ərazi bütövlüyünü və suverenliyini bundan sonra necə qoruyub saxlayacağına dair strateji yanaşmalar və əsas fəaliyyət istiqamətləri öz əksini tapır, bu baxımdan çıxış proqram məzmunu daşıyırdı. Bu əsas mesajı üç sözlə ifadə etmək mümkündür: güc yolu ilə sülh.
Çıxış iki əsas istiqamət üzrə qurulmuşdu. Keçmişə nəzər salınan hissədə partiyanın təsis qurultayından və Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından başlayaraq, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər uzanan tarixi inkişaf xətti diqqətə çatdırılırdı. Gələcəyə yönəlmiş hissədə isə qarşıda duran əsas vəzifələr müəyyənləşdirilirdi. Bu vəzifələr sırasında təhlükəsizliyin təmin edilməsi, ideoloji dayanıqlığın möhkəmləndirilməsi, müstəqil xarici siyasətin həyata keçirilməsi, iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji və nəqliyyat sahələrinin inkişaf etdirilməsi, sosial siyasətin gücləndirilməsi, habelə Böyük Qayıdış çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi xüsusi yer tuturdu.
Bu prioritetlərə birlikdə nəzər saldıqda, bir münaqişəni başa çatdırmış, lakin təhlükə dövrünün hələ də sona çatmadığını düşünən bir dövlətin yanaşması aydın görünür. Azərbaycan sülh istəyir və bu məqsədlə danışıqlar aparır. Eyni zamanda, ölkə öz təhlükəsizliyini regionda və dünyada qeyri-sabitliyin davam edə biləcəyi ehtimalı üzərində qurur. Gələcəkdə yarana biləcək təhdidlərin yalnız hərbi yolla deyil, həm də ideoloji təsirlər vasitəsilə meydana çıxa biləcəyi nəzərə alınır.
Qələbədən sülhə
Azərbaycan ərazi bütövlüyünü hədiyyə olaraq əldə etməyib. Ölkə bunu ağır və böyük itkilərlə müşayiət olunan mübarizə nəticəsində Prezidentin çıxışında aydın şəkildə qeyd olunan üç mərhələdə bərpa edib:
1) 44 günlük müharibə – 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində baş vermiş və Ermənistanın məğlubiyyəti və kapitulyasiyası ilə nəticələnmiş müharibə;
2) Tam suverenliyin bərpası üçün hərbi və siyasi zəminin formalaşdırılması – 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrınadək davam edən üçillik mərhələ;
3) 20 sentyabr 2023-cü il tarixində keçirilmiş antiterror tədbirləri – Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərpasını təmin edən və bütün xarici silahlı qüvvələrin ölkə ərazisindən çıxarılması ilə nəticələnən mərhələ.
Çıxışda vurğulandı ki, bu qələbələr mürəkkəb və gərgin geosiyasi şəraitdə əldə olunub. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri (Fransa, Rusiya və ABŞ) daxil olmaqla, güclü dövlətlərin dəstəyinə malik idi. Lakin həmin dövlətlər, təxminən üç onillik ərzində, münaqişənin həllinə nail olmaq əvəzinə, onun dondurulmuş vəziyyətdə qalması ilə nəticələnən prosesə rəhbərlik etmişdilər. Lakin bu dəstək Ermənistanı məğlubiyyətdən xilas etmədi və Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasına mane olmadı. Bakı hazırda bu nəticəni qlobal əhəmiyyət daşıyan bir presedent kimi təqdim edir: orta ölçülü bir dövlət beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, onun ərazisi ilə bağlı dörd qətnaməni öz imkanları hesabına reallaşdırdı.
Prezident bu nailiyyəti daha geniş tarixi kontekstdə təqdim etdi. Onun sözlərinə görə, qələbəyə aparan yol 1993-cü ildən başlayıb, lakin həmin milli strategiyanın əsas prinsipləri dəyişməz olaraq qalıb: müstəqillik, güclü dövlətçilik, iqtisadi özünütəminetmə, eləcə də güclü və peşəkar ordu.
Qələbə qazandıqdan sonra Azərbaycan indi sülhə nail olmağa çalışır. 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistanla paraflanan sülh sazişinin mətni qarşıdakı illərdə davamlı sülhün təmin edilməsi istiqamətində real imkanlar yaradıb. Lakin Bakının öz tarixindən çıxardığı dərs aydındır: sülh o zaman davamlı olur ki, sülh istəyən tərəf heç kimin onu sınağa çəkməyə cəhd etməyəcəyi qədər güclü olsun. Çıxışda qeyd olunduğu kimi, tarixin təkrarlanmaması üçün Azərbaycan daim güclü olmalıdır.
Təhlükəsizlik mühiti güclü müdafiə tələb edir
Çıxışın təhlükəsizliklə bağlı əsas mesajı dünyada baş verən proseslərin real qiymətləndirilməsindən başlayır. Avropada və Yaxın Şərqdə müharibələr davam edir, böyük güclər arasında rəqabət getdikcə kəskinləşir, kiçik dövlətlərin güvəndiyi beynəlxalq qaydalar isə açıq şəkildə nəzərə alınmır. Cənubi Qafqaz da bütün bu təzyiqlərin kəsişdiyi bir regiondur. Belə bir şəraitdə hansısa bir münaqişənin başa çatması müharibə riskinin artıq aradan qalxdığı anlamına gəlmir.
Azərbaycanın buna cavabı hərbi qüdrətini daha da gücləndirməkdir. Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik sahələrinə təxminən 9 milyard manat (5,2 milyard ABŞ dolları) vəsait ayrılması nəzərdə tutulur. Bu, qonşulara qarşı yeni ambisiyaların göstəricisi deyil. Əksinə, bu siyasət zəifliyin hansı ağır nəticələrə gətirib çıxara biləcəyini öz təcrübəsində yaşamış bir ölkə üçün sığorta xarakteri daşıyır: üç onillik işğal, məcburi köçkünlük və itirilmiş torpaqlar.
Prezident çəkindirmə siyasətinin mahiyyətini də olduqca açıq və birbaşa şəkildə ifadə etdi. Onun sözlərinə görə, Azərbaycan özünə qarşı yönəlmiş heç bir zərbəni cavabsız qoymur ki, hər kəs öz həddini bilsin və ölkənin daxili işlərinə müdaxilə etməkdən çəkinsin. Bu yanaşmanın əsas məqsədi mümkün təcavüzün qarşı tərəf üçün ağır nəticələr doğuracağını göstərməklə belə bir addımın atılmasının qarşısını almaqdır.
Bu yanaşmanı daha iki əsas amil də dəstəkləyir. Bunlardan birincisi maliyyə müstəqilliyidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan sahib olduğu hər şeyin, o cümlədən hər bir silahın pulunu dünya qiymətləri ilə, son gülləsinə qədər ödəyib. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə təqribən 90 milyard dollara çatıb ki, bu da xarici borcun məbləğindən 20 dəfədən çoxdur. Heç kimə borclu olmayan dövlətə təzyiq göstərmək də asan deyil.
İkinci əsas amil müstəqil və çoxşaxəli xarici siyasətdir. Azərbaycan Çin, ABŞ və Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir, eyni zamanda Rusiya ilə işgüzar əlaqələr saxlayır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edib, hazırda isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir və Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinin inkişafını təşviq edir. Bakı İslam Əməkdaşlıq Təşkilatı (İƏT ) çərçivəsində də fəal iştirak edir və yaxın vaxtlarda Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasına qoşulub.
Enerji ixracının, eləcə də Orta Dəhliz və digər tranzit marşrutlarının inkişafı Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artıraraq onu bir sıra ölkələr və tərəfdaşlar üçün mühüm tərəfdaşa çevirə bilər. Çıxışda qeyd olunduğu kimi, belə xarici siyasət yürüdən ölkənin kiçik dövlətlərin tez-tez ehtiyac duyduğu xarici himayəyə artıq ehtiyacı qalmır.
Bununla yanaşı, Azərbaycan qlobal iqtisadi çağırışlarla da üzləşir və ölkə daxilində karbohidrogen ehtiyatlarından asılılığın azaldılmasına çalışır. Bu, qarşıdakı illərdə Azərbaycanın qarşısında duran əsas sınaqlardan biri olacaq. Prezidentin yanaşmasına görə, ölkə həm iqtisadi, həm də siyasi imkanlarını daha da şaxələndirməlidir.
Dünyəvi dövlətin qorunması
Çıxışın gələcəyə hissəsi ideoloji təhlükəsizlik məsələsinə həsr olunmuşdu. Prezidentin vurğuladığı kimi, internetin, kiberhücumların və süni intellektin geniş yayıldığı dünyada ideoloji təxribat sərhəd tanımır. Dövlət öz sərhədlərini hərbçilərlə qoruya bilər, lakin vətəndaşların düşüncəsini və dünyagörüşünü qorumaq üçün başqa vasitələrə ehtiyac var.
Azərbaycan üçün ən davamlı ideoloji təhdidlərdən biri ölkənin dünyəvi modelinə yönələn təzyiqlərdir. Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan eyni zamanda köklü dünyəvi ənənələrə malikdir. 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı yaradıb və bir sıra Avropa dövlətlərindən əvvəl qadınlara seçki hüququ verib. Bu gün ölkədə şiə və sünni müsəlmanlar, pravoslav və katolik xristianlar, eləcə də yəhudilər dini və məzhəb zəminində qarşıdurma olmadan birgə yaşayırlar. Bu, təsadüfi deyil. Bu yanaşma din və dövlət idarəçiliyinin bir-birindən ayrılmasını, dini etiqadın isə şəxsi məsələ kimi qəbul edilməsini əsas götürən dövlət siyasətinin nəticəsidir.
Siyasi İslam bu modeli qəbul etmir. Yaxın Şərqin müxtəlif ölkələrində dini siyasi proqrama çevirən hərəkatlar xilas və sabitlik əvəzinə ağır nəticələrə səbəb olub. İraq, Suriya, Yəmən və Livanda dövlət institutları zəifləyib, cəmiyyətlər məzhəb zəminində parçalanıb, milyonlarla insan isə öz evlərini tərk etmək məcburiyyətində qalıb. Milli institutların yerini xarici himayədarlara bağlı silahlı qruplar tutub.
Azərbaycan da bu cür müdaxilələrin hədəfi olub. Xaricdən dəstək alan şəbəkələr radikal dini ideyaları, o cümlədən “Hüseyniyyun” nümunəsində olduğu kimi, xaricdə fəaliyyət göstərən Azərbaycan dilli media resursları və onlayn kanallar vasitəsilə yaymağa çalışıblar. Çıxışda qeyd olunub ki, müxtəlif xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən şəbəkələr son illər ərzində zərərsizləşdirilib və hazırda Azərbaycanda daxili mənşəli risk və təhdid mənbəyi yoxdur. Həmçinin ölkə xaricində formalaşan və bəzi hallarda Azərbaycanın daxili işlərinə müdaxilə vasitəsi kimi istifadə olunan informasiya resurslarının təsirinin azaldılmasına dair çağırış edilib.
Çıxışda bununla bağlı əsas yanaşma yalnız hüquq-mühafizə tədbirlərinə deyil, cəmiyyətin dayanıqlılığının gücləndirilməsinə əsaslanır. Bunun ilk müdafiə xətti təhsildir: savadlı və məlumatlı cəmiyyətin yalan və dezinformasiyanın təsirinə düşmə ehtimalı daha azdır. İkinci xətt isə vətənpərvərlikdir. 2020-ci il müharibəsi göstərdi ki, azərbaycanlılar vahid məqsəd ətrafında birləşdikdə hansı nəticələrə nail ola bilərlər. Tolerantlıq, ailəyə və böyüklərə hörmət, Vətənə bağlılıq və ortaq tarixi irslə qürur duymaq kimi ənənəvi milli dəyərlər kənardan gətirilən hər hansı ideologiyaya ehtiyac olmadan milli kimlik üçün möhkəm əsas yaradır. Buna görə də dövlətin dünyəvi xarakterinin qorunması dinə qarşı yönəlmiş addım deyil. Əksinə, bu, Azərbaycanda bütün dini inancların sülh şəraitində sərbəst şəkildə yaşamasına və ibadət etməsinə imkan verən əsas şərtlərdən biridir.
Eyni zamanda, Azərbaycan özünü beynəlxalq ictimaiyyətdən təcrid etməyib. Ölkədə müxtəlif mədəniyyət, incəsənət və idman tədbirləri, xüsusilə Qərb ölkələri ilə bağlı tədbirlər keçirilir. Hökumət xaricdə təhsili də maliyyələşdirməyə davam edir və humanitar əlaqələrin inkişafı üçün digər imkanlar axtarır. Tənqidçilər müxtəlif hüquqların qorunması ilə bağlı çatışmazlıqlar ətrafında mübahisə etsələr də, konkret bir coğrafiyada vəziyyətin necə idarə olunmalı olduğuna dair – məsələn, müxtəlif təsirlər və zorakı qruplar arasında parçalanmış Beyrutda baş verənlərin qarşısını almaqla bağlı – nadir hallarda təkliflər irəli sürürlər.
Nəticə
Bütün bu məsələləri birləşdirən əsas fikir ondan ibarətdir ki, bərpa edilmiş suverenlik və ərazi bütövlüyü hər gün və hər istiqamətdə qorunmalıdır. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda ağır itkilər verib və buna görə də sülhü öz-özünə təmin olunan bir vəziyyət kimi qəbul edə bilməz. Azərbaycan qonşularına sərhədlərin qarşılıqlı tanınmasına əsaslanan nizamlanma təklif edir. Bununla yanaşı, danışıqlarda güclü mövqedən çıxış edəcək, digər regionlardakı münaqişələrin Azərbaycana daşınmasına çalışan cəhdlərə qarşı öz dünyəvi kimliyini qoruyacaq və hər şeydən əvvəl öz gücünə arxalanacaq.












