Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda təlim keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda təlim keçirilib - FOTO

Qafar Ağayev17:17 - Bu gün
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda təlim keçirilib - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib. 

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Özbəkistan Respublikasında keçirilən təlimdə hərbi qulluqçularımız ölkəmizi layiqincə təmsil edərək yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdiriblər.

Regionda təhlükəsizliyin, sabitliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən təlimdə əsas diqqət qardaş ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə uyğunluğun artırlmasına yönəldilib.

Plana əsasən itirakçılar dağlıq ərazidə və yaşayış məntəqələrində döyüşün aparılması, şərti düşmən arxasına sızma, kəşfiyyat-axtarış tapşırıqlarının icrası, mühüm obyektlərin ələ keçirilməsi, antiterror əməliyyatları zamanı girovların azad edilməsi və strateji obyektlərin mühafizəsi, eləcə də müxtəlif çaplı atıcı silahlardan, snayper tüfənglərindən, xüsusi vasitələrdən gündüz   və gecə şəraitində atışlar yerinə yetiriblər.

Təlim rəhbərliyi ilə birlikdə tədbirin yekun mərhələsini izləyən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov xüsusi təyinatlılarımızın bacarıqlarını  və hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Sonda birgə təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb, xatirə şəkilləri çəkdirilib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər