Əli Nağıyev: Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir
“Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməlidir”.
1news.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.
O bildirib ki, Ermənistan arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.
“Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”, - deyə Əli Nağıyev vurğulayıb.
DTX rəisi qeyd edib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Birgə Bəyannamənin imzalanması və Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması mühüm addım olub.
O bildirib ki, sülh sazişi layihəsinin 9-cu maddəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulması humanitar məsələlərin sülh prosesindəki əhəmiyyətini göstərir.
Əli Nağıyev qeyd edib ki, məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, qalıqların axtarılıb qaytarılması və istintaq tədbirləri üzrə əməkdaşlıq qarşılıqlı etimadı möhkəmləndirə bilər.
“Bugünkü müzakirələrdən gözləntimiz konkret təkliflərdir: etibarlı məlumatlara çıxışın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması”, - deyə o bildirib.
DTX rəisi əlavə edib ki, itkin vətəndaşların ailələri əmin olmalıdırlar ki, heç bir itkin unudulmur.
“Dövlət Komissiyası onların taleyini aydınlaşdırmaq üçün bütün imkanlarını səfərbər etməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə davam edəcək”, - deyə Əli Nağıyev vurğulayıb.












