Sürücü ötmə qaydasını pozdu: 7 yaşlı bacısı öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücü ötmə qaydasını pozdu: 7 yaşlı bacısı öldü

1news Redaksiyası11:30 - Bu gün
Sürücü ötmə qaydasını pozdu: 7 yaşlı bacısı öldü

Saatlıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 yaşlı qız həyatını itirib.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 7-də saat 20:45 radələrində Saatlı şəhəri ərazisində baş verib. Rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra isə yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Lakin azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə, hadisəyə sürücünün yolun ötmənin qadağan olunduğu hissəsində manevr etməsi, həmçinin sürət həddini, yol və hava şəraitini düzgün qiymətləndirməməsi səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə əlaqədar sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

İdarə sürücüləri sadə hesab edilən hər hansı qayda pozuntusunun ağır nəticələrə səbəb ola biləcəyini nəzərə almağa və yol hərəkəti zamanı diqqətli olmağa çağırıb.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər