Azərbaycan nümayəndə heyətindən ATƏT PA-da Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB
Məlum olduğu kimi, son dövrlər Ermənistanın bəzi dairələri sülh prosesinə xidmət etməyən addımlar atırlar.
1news.az xəbər verir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə Azərbaycanda mühakimə olunmuş şəxslərlə bağlı spekulyasiyalar da bu qəbildəndir. Ermənistanın BMT yanında daimi nümayəndəsinin 2026-cı il oktyabrın 2-də BMT Baş Assambleyasının Üçüncü Komitəsində bu məsələni qaldırması bütün bu proseslərin arxasında Ermənistan hökumətinin özünün dayandığını göstərir.
Oktyabrın 7-də ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasında Ermənistan nümayəndə heyətinin üzvü, bu ölkə parlamentinin İnsan Hüquqları Daimi Komissiyasının sədri Lilit Qalstyan da təxribat xarakterli çıxışında bu məsələyə toxunmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasının sülh, barışıq və ədalətin təmin edilməsi üçün zəruri olduğunu vurğulamışdır. O, həmin şəxslərlə bağlı Ermənistan tərəfindən irəli sürülən iddiaların faktiki olaraq bu cinayətlərə haqq qazandırmaq anlamına gəldiyini və sülh prosesinə xidmət etmədiyini bildirmişdir.
Qaya Məmmədov Ermənistan parlamentinin İnsan Hüquqları Daimi Komissiyasının sədri vəzifəsini tutan şəxsin müharibə cinayətlərinə haqq qazandırmasını və etnik zəmində ayrı-seçkiliyə yol verməsini tənqid etmişdir. O, Lilit Qalstyanı Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnun təmin edilməsi və itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirilməsi kimi real insan hüquqları məsələləri ilə məşğul olmağa çağırmışdır.












