Frankfurt Kitab Sərgisində Azərbaycan ədəbiyyatına həsr olunan panel keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Frankfurt Kitab Sərgisində Azərbaycan ədəbiyyatına həsr olunan panel keçirilib

1news Redaksiyası17:54 - Bu gün
Frankfurt Kitab Sərgisində Azərbaycan ədəbiyyatına həsr olunan panel keçirilib

78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatının tarixi, müasir inkişafı və beynəlxalq miqyasda tanıdılması məsələlərinə həsr olunan panel keçirilib.

1news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 9-da keçirilən paneldə şair və tədqiqatçı Fərid Hüseyn "Azərbaycan ədəbiyyatı – dünyaya açılan pəncərə" mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə min ildən artıq bir dövr ərzində Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, formalaşmış zəngin milli ədəbi irs, dünya oxucuları üçün maraq doğura biləcək məqamlar və görkəmli qələm sahibləri haqqında danışılıb. Fərid Hüseyn, həmçinin müasir Azərbaycan dili, onun perspektivləri və tərcümə mübadiləsi məsələlərinə toxunub.

Mədəniyyət Nazirliyinin Kitabxanalar və nəşriyyatlarla iş sektorunun müdiri Lalə Məmmədova Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər barədə məlumat verib.

O bildirib ki, "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq, Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə tərcüməsini, nəşrini və beynəlxalq auditoriyaya çatdırılmasını təşviq edəcək "Azərbaycan ədəbiyyatı xaricdə" dəstək proqramının hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Lalə Məmmədova, həmçinin Azərbaycanın regionun ən böyük kitab festivallarından birinə ev sahibliyi etdiyini vurğulayaraq, oktyabrın 21-dən 27-dək keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi haqqında danışıb. Tədbir iştirakçılarına sərginin əsas istiqamətləri, beynəlxalq iştirakçılığı və təqdim etdiyi əməkdaşlıq imkanları barədə məlumat verilib.

Yazıçı və ədəbi agent Xəyalə Murad isə çıxışında müasir Azərbaycan ədəbiyyatının beynəlxalq kitab bazarında təmsilçiliyi və xarici nəşriyyatlarla əməkdaşlıq təcrübəsindən bəhs edib. O, əsərlərinin xaricdə nəşri və tərcüməsi üçün hüquqlar əldə edilmiş Azərbaycan müəllifləri, müxtəlif janrlarda milli ədəbiyyata beynəlxalq maraq, eləcə də bir sıra xarici dillərdə artıq nəşr olunmuş əsərlər barədə danışıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Frankfurt Beynəlxalq Kitab Sərgisində milli stendimiz də qurulub.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər