Qızların təhsilində dünyəvi təhsil prinsipləri nəzərə alınmalıdır - Akademik | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızların təhsilində dünyəvi təhsil prinsipləri nəzərə alınmalıdır - Akademik

1news Redaksiyası15:24 - Bu gün
Qızların təhsilində dünyəvi təhsil prinsipləri nəzərə alınmalıdır - Akademik

Məktəblərdə şagirdlər üçün bərabər təhsil mühitinin yaradılması, onların geyimindən və sosial imkanlarından asılı olmayaraq bilik və bacarıqlarının inkişafına şərait yaradılması vacibdir.

«Azərbaycan müəllimi» xəbər verir ki, bunu akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib. O qeyd edib ki, qızların tərbiyəsi və təhsili uzun illərdir cəmiyyətdə müzakirə olunan məsələlərdəndir.

Bu mövzuya yanaşarkən dünyəvi təhsil prinsiplərinin və cəmiyyətin müxtəlif baxışlarına hörmətin nəzərə alınması vacibdir. N.Cəfərovun sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına kömək edə bilər. Akademik bildirib ki, ailələrin maddi imkanları fərqli olsa da, məktəb mühitində uşaqların bərabər imkanlara malik olması əsas prinsiplərdən biri olmalıdır.

Onun fikrincə, şagirdlər arasında fərqlənmə geyim və maddi imkanlarla deyil, dərslərə münasibət, bilik və bacarıqlarla bağlı olmalıdır. N.Cəfərov erkən evlilik məsələsinə də toxunaraq bunun xüsusilə qızların həyatına və gələcəyinə təsir edən həssas mövzu olduğunu vurğulayıb. Akademik erkən evliliyi «böyük faciə» adlandırıb və belə halların qarşısının alınmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, qızların ailə qurmazdan əvvəl yetkinləşməsi, müstəqil yaşamaq və özlərini təmin etmək imkanına yiyələnməsi əhəmiyyətlidir. «İnsanlar müəyyən həddi-büluğa çatmalıdır. İnsanlar özləri yaşamaq və yaşayışını təmin eləmək imkanına gəlib çatmalıdır və bundan sonra evlilik ola bilər», – deyə N.Cəfərov bildirib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər