Mehman Həsənli: “Məktəb cəhalətin deyil, biliyin ünvanı olmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehman Həsənli: “Məktəb cəhalətin deyil, biliyin ünvanı olmalıdır”

1news Redaksiyası11:21 - Bu gün
Mehman Həsənli: “Məktəb cəhalətin deyil, biliyin ünvanı olmalıdır”

“Son qəbul olunan qərar və orta məktəbdə vahid məktəbli geyiminin tətbiq olunması tamamilə qanunauyğundur”.

Bu fikri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini Mehman Həsənli 1news.az-a verdiyi açıqlamasında bildirib:

“Çünki Azərbaycan dünyəvi dövlətdir və onun məktəbi də dünyəvi əsaslarla qurulmalıdır. Türk dünyasında, Mərkəzi Asiya ölkələrində, eyni zamanda Qərbdə də bir sıra Avropa dövlətlərində birliyin və bərabərliyin təmin olunması üçün fərqləndirici elementlərdən, amillərdən kənar qaçmaq və vahid geyimin tətbiqi hər zaman aktual olmuşdur. Biz həmin dünyəvi modeli vurğulamırıq. Çünki Azərbaycanda dünyəvi təhsilin, dünyəvi modelin tətbiq olunması üçün tarix boyu böyük bir mübarizə, müzakirə aparılıb. Hələ 19-cu əsrin ikinci yarısında dünyəvi təhsilin demək yaradılması üçün dərsliklər, orta məktəblərin yaradılması ilə bağlı Azərbaycan maarifçilərinin böyük bir irsi var, fəaliyyəti var. Hələ bunun əsası 19-cu əsrin ortalarında Mirzə Fətəli Axundzadə ilə qoyulub. 70-ci illərdə bizim milli mətbuatımız, teatrımız yaranıb. 20-ci əsrin əvvəllərində Molla Nəsrəddinçiləri deyə bilərik. Bu gün Molla Nəsrəddinin səhifələrini vərəqləsək, dini cəhalətə, mövhumata, geriliyə qarşı və təhsilə çağırış motivlərində böyük cild-cild kitablar yaza, materiallar toplaya bilərik”.

M.Həsənli vurğulayıb ki, dünyəvilik uğrunda apardığımız mübarizə nəticəsində 1918-ci ildə Şərqdə ilk demokratik dövləti qurduq.

“Burada dini cəhətdən, mövhumatda seçmə sayılan qadına səsvermə hüququ tanındı. Azərbaycan qadını qədim dastanlarımızda - Dədə Qorqudda, Koroğluda olduğu kimi burada da müstəqil, bütün hüquqlara malik olan bir fərd kimi təmsil olundu”.

O qeyd edib ki, bu gün müstəqil Azərbaycan da həmin demək bu ənənə üzərində inkişaf edir. Məktəbimizdə də dünyəvi prinsiplər əsasında vahid məktəbli geyiminin tətbiq olunması tamamilə qanunauyğundur. Çünki ilk növbədə məktəb ölkədə vətəndaşın yetişdirildiyi əsas institutsional strukturdur. Biz burada bütün ayrıcı məqamlardan demək qaçmalıyıq. Həmin  qanunda gigiyenik qaydalar, habelə görünüşü pozan bütün məqamlarla bağlı müddəalar əksini tapıb. Məqsəd ondan ibarətdir ki, məktəbə mümkün qədər vahid, bir-birindən fərqlənməyən şagirdlər gəlməlidir və onların bütün diqqəti yalnız təhsillə biliyin alınmasında olmalıdır. Biz vətəndaşımızı əsas olaraq orta məktəbdə formalaşdırırıq, onun diqqətini mümkün qədər daha çox biliyə fokuslandırmalıyıq”.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər