Ermənistanda saxlanılan azərbaycanlı hərbçi dindirilmə zamanı nə deyib? | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi dindirilmə zamanı nə deyib?

1news Redaksiyası11:16 - Bu gün
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi dindirilmə zamanı nə deyib?

Ermənistanda saxlanılan azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayev hadisə zamanı heç kimə zərər yetirmək niyyətində olmadığını iddia edib.

1news.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, nəşr hərbçinin dindirilməsi ilə bağlı bəzi məlumatlar əldə edib.

Qəzetin məlumatına görə, Musayev erməni ailəsinə məxsus evə daxil olarkən heç kimə zərər vermək istəmədiyini bildirib. Onun sözlərinə görə, ev sahibəsi olan qadından bir neçə dəfə onu buraxmasını xahiş edib. Lakin qadın onun silahından yapışıb və bundan sonra o, atəş açmağa məcbur olub.

Nəşr yazır ki, Musayev yazılı ifadəsində daha sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, onu döydüyünü və bıçaqla yaraladığını iddia edib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumata əsasən, sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmadığı və yerini müəyyənləşdirmək mümkün olmadığı üçün axtarışına başlanılıb. Müdafiə və Fövqəladə Hallar nazirlikləri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Hərbi Prokurorluğun apardığı yoxlama nəticəsində Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr yaranıb. Toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində onun Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyən edilib.

Baş Prokurorluqdan bildirilib ki, Nəsimi Musayevin Ermənistan ərazisində olması və saxlanılması, eləcə də hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər