Füzuliyə qayıdan ailələrin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzuliyə qayıdan ailələrin sayı açıqlanıb

1news Redaksiyası12:18 - Bu gün
Füzuliyə qayıdan ailələrin sayı açıqlanıb

Füzuli şəhərinə indiyədək 827 ailədən ibarət 3 153 nəfərin qayıdışı təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, şəhərdə yaşayış komplekslərinin tikintisi ilə yanaşı, sosial infrastruktur da inkişaf etdirilir. Şəhərdə özbək xalqının hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına tam orta məktəb, 240 yerlik uşaq bağçası və qazax xalqının hədiyyəsi olan, 600 uşaq üçün nəzərdə tutulmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib.

Məlumata əsasən, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur və "Böyük Qayıdış"ın mühüm rəmzlərindən birinə çevrilir.

"Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı"na əsasən, şəhərin ərazisinin 1 943 hektara, əhalisinin 50 min nəfərə, yaşayış fondunun isə 1,52 milyon kvadratmetrə çatdırılması nəzərdə tutulur. Burada yaşayış məhəllələri, ictimai məkanlar, sosial və nəqliyyat infrastrukturu vahid şəhərsalma konsepsiyası əsasında formalaşdırılır.

Nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilib. Cəmi 8 ay ərzində uçuşları qəbul etməyə hazır vəziyyətə gətirilən Füzuli Beynəlxalq Hava Limanı regionun strateji nəqliyyat obyektlərindən birinə çevrilib. Uzunluğu 101 kilometr olan Zəfər yolu, 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa və 12,3 kilometrlik Füzuli–Hadrut avtomobil yolları inşa edilərək Füzulinin Qarabağın digər şəhər və rayonları ilə nəqliyyat əlaqələrini gücləndirir, regional infrastrukturun inkişafına töhfə verir.

Məlumata görə, rayonun su təsərrüfatı infrastrukturu da bərpa olunur. Ümumi tutumu 15,5 milyon kubmetr olan üç su anbarından ibarət Köndələnçay su anbarları kompleksi 6 200 hektar kənd təsərrüfatı torpağının suvarılmasına imkan yaradır. Bununla yanaşı, Füzuli rayonunun kəndlərində də yaşayış evlərinin və müasir infrastrukturun tikintisi davam etdirilir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər