Yeni səhiyyə naziri Anar Bayramov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni səhiyyə naziri Anar Bayramov kimdir? - DOSYE

1news Redaksiyası11:33 - Bu gün
Yeni səhiyyə naziri Anar Bayramov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən, Anar Bayramov səhiyyə naziri təyin olunub.

1news.az Anar Bayramovun dosyesini təqdim edir.

1975-ci ildə anadan olan Anar Bayramov tibb və maliyyə sahələri üzrə təhsil alıb. O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2004–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək maliyyə üzrə magistr (MBA) dərəcəsi alıb. Tibb üzrə fəlsəfə doktoru olan A. Bayramov 20-dən çox elmi məqalənin və iki səmərələşdirici təklifin müəllifidir.

Anar Bayramov sığorta və maliyyə sektorunda uzunillik iş təcrübəsinə malikdir. O, 2002-ci ildən “A-Group” sığorta şirkətində İdarə Heyəti sədrinin müavini, 2004–2021-ci illərdə isə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, eləcə də nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrini tutub.

Anar Bayramov müxtəlif illərdə bir sıra ictimai və peşəkar təşkilatlarda da fəaliyyət göstərib. O, 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012–2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti olub. 2017-ci ildən “Caspian European Club”un sığorta komitəsinə rəhbərlik edir.

Bundan əlavə, A. Bayramov 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

Anar Bayramov tibbi sığorta, səhiyyə islahatları, liderlik və digər mövzularda Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və başqa ölkələrdə keçirilən beynəlxalq konfrans və seminarlarda iştirak edib.

Qeyd edək ki, Prezidentin Fərmanına əsasən TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə keçib.

 

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər