“Brain Academy”nin Bakıxanov qəsəbəsindəki filialında 2 yaşlı uşağa qarşı zorakılıq iddiası araşdırılır

“Brain Academy”nin Bakıxanov qəsəbəsində yerləşən filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq halının baş verdiyi iddia olunur.
1news.az xəbər verir ki, bu barədə uşağın yaxını Ramin Balayev Bakues.az-a şikayət məktubu göndərib.
Şikayətçinin sözlərinə görə, inkişafı və reabilitasiyası üçün sözügedən mərkəzə həvalə edilən 2 yaşlı autizm spektrli uşaq fiziki zorakılığa məruz qalıb. Onun iddiasına görə, uşağın inkişafına dəstək göstərilməli olan müəssisədə azyaşlının üzünə və başına zərbələr endirilib, nəticədə uşaq ağır psixoloji travma alıb.
Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərində müəssisə əməkdaşının 2 yaşlı uşağın başına və üzünə zərbələr endirdiyi, uşağın isə ağlayaraq reaksiya verdiyi görünür.
Uşağın yaxınları hadisədən sonra azyaşlının dərin psixoloji travma aldığını, daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.
Ailə hadisədə təqsiri olan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.
“Brain Academy”dən açıqlama
“Brain Academy”dən məsələ ilə bağlı bildirilib ki, hadisə, təəssüf ki, baş verib və hazırda ona hüquqi qiymət veriləcək.
“Eyni zamanda, daxili araşdırmanın nəticəsinə əsasən, hər iki əməkdaş barəsində intizam tədbirləri görülüb, töhmət verilib və işdən uzaqlaşdırılır.
Biz uşaqların təhlükəsizliyini hər şeydən üstün tuturuq və bu kimi hallara qarşı qətiyyətli mövqe nümayiş etdiririk”, – akademiyadan bildirilib.












