Bakıda qadın “Bolt” sürücüsünün onu hədələdiyini iddia etdi: Şirkətdən AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın “Bolt” sürücüsünün onu hədələdiyini iddia etdi: Şirkətdən AÇIQLAMA - FOTO

1news Redaksiyası14:46 - Bu gün
Bakıda qadın “Bolt” sürücüsünün onu hədələdiyini iddia etdi: Şirkətdən AÇIQLAMA -  FOTO

“Bolt” şirkəti Bakı–Sumqayıt şosesində səfər zamanı sürücünün onu hədələdiyini və təhlükəli hərəkətlər etdiyini iddia edən Elvira Vəliyeva ilə sürücü arasında baş verən münaqişə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

1news.az xəbər verir ki, daha əvvəl Vəliyeva “TikTok” sosial şəbəkəsində paylaşdığı videoda hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, hadisə saat 23:50 radələrində “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında baş verib.

Qadın bildirib ki, heyvan sığınacağından qayıdarkən adi taksi tapa bilmədiyi üçün “Bolt Send” çatdırılma xidmətindən istifadə etmək qərarına gəlib. O, sürücüyə əvvəlcədən bağlama ilə birlikdə gedəcəyini də xəbər verib.

Vəliyevanın sözlərinə görə, sürücü onu təyinat yerinə aparmağa razılaşıb, lakin sifarişi tətbiqdə ləğv etməsini istəyib.

Bununla belə, təyinat yerinə çatmağa bir neçə dəqiqə qalmış onlar arasında xidmətin qiyməti ilə bağlı mübahisə yaranıb. Qadın iddia edib ki, tətbiqdə 4 manat göstərilməsinə baxmayaraq, sürücü ondan 7 manat ödəməyi tələb edib.

Vəliyevanın sözlərinə görə, o, əlavə ödənişdən imtina etdikdən sonra sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələməyə başlayıb. Qadın həmçinin bildirib ki, avtomobildən pəncərədən çıxmağa çalışdığı zaman sürücü qəfil sürətlənib və əyləci kəskin basıb. Nəticədə o, yerə yıxılaraq başından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Vəliyeva avtomobildə qulaqlıqlarının, portativ enerji yığma cihazının (powerbank), iki ədəd orijinal adapterinin və qızıl zinət əşyalarının olduğu çantasının qaldığını da bildirib.

Qadın hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini qeyd edib. Daha sonra faktla bağlı araşdırma başlandığı məlum olub.

1news.az-ın sorğusuna cavab olaraq “Bolt” şirkətindən bildirilib ki, “Bolt Send” xidməti sərnişinlərin deyil, bağlamaların çatdırılması üçün nəzərdə tutulub. Şirkət sifarişlə bağlı problem yarandığı halda atılmalı addımları, sürücülərə tətbiq oluna biləcək tədbirləri və avtomobildə unudulan əşyaların geri qaytarılması prosedurunu da açıqlayıb.

“Bolt Send” yalnız bağlamaların çatdırılması üçün nəzərdə tutulub və sərnişindaşıma xidməti deyil. Müştərilərdən sürücülərdən bağlama ilə birlikdə özlərini də aparmalarını xahiş etməmələrini və sürücünün belə bir səfərə razılaşacağını gözləməmələrini xahiş edirik.

Sürücü müştəridən sifarişi ləğv etməyi tələb edərsə, sifarişi özbaşına ləğv etməməyi, bunun əvəzinə tətbiq vasitəsilə dəstək xidməti ilə əlaqə saxlamağı tövsiyə edirik. Bu halda vəziyyət sifarişlə bağlı məlumatlar əsasında araşdırıla bilər.

Sifarişi qəbul etdikdən sonra sürücü onu yerinə yetirməyə borcludur. Bunu edə bilmədiyi halda, tətbiqdə müvafiq səbəbi göstərməklə sifarişi özü ləğv etməli və zərurət yaranarsa, dəstək xidməti ilə əlaqə saxlamalıdır. Müştəridən sifarişi ləğv etməsini istəmək düzgün yanaşma deyil.

Qayda pozuntuları ilə bağlı bütün müraciətlər şirkət tərəfindən araşdırılır. Pozuntu təsdiqləndiyi təqdirdə, hadisənin xarakteri və ağırlığı nəzərə alınmaqla sürücüyə qarşı müvafiq tədbirlər görülür. Bu tədbirlər xəbərdarlıqdan və platformaya girişin müvəqqəti məhdudlaşdırılmasından tutmuş, ciddi və ya təkrar pozuntular zamanı platformaya giriş imkanının tamamilə dayandırılmasına qədər dəyişə bilər.

Sərnişin şəxsi əşyalarını avtomobildə unutduqda, “Bolt” tətbiqində müvafiq səfəri seçərək dəstək xidməti ilə əlaqə saxlaya bilər.

Şirkət sürücü ilə əlaqə yaradılmasına və əşyanın geri qaytarılmasına kömək edir. Lakin unudulmuş əşyalar şirkət tərəfindən birbaşa saxlanılmır və onların mütləq geri qaytarılacağına zəmanət verilmir. Səfərdən sonra 24 saat ərzində tətbiq vasitəsilə sürücü ilə əlaqə saxlamaq mümkündür”, – deyə “Bolt”un mətbuat xidmətindən bildirilib.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Redaksiya vəziyyətin inkişafını izləyəcək və baş verənlərin təfərrüatlarını dəqiqləşdirəcək.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər