Türkiyədən Yunanıstana çağırış: Seçilmiş müftiləri tanıyın

Türkiyə Yunanıstanı Qərbi Trakya türk azlığının özünün seçdiyi dini liderləri tanımağa çağırıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna Yunanıstanın Gümülcine və İskeçe müftiliklərinə dövlət tərəfindən yeni təyinatlar həyata keçirməsi səbəb olub.
Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, bu addımlar Qərbi Trakya türk azlığının Lozanna Sülh Müqaviləsi və beynəlxalq konvensiyalarla təminat altına alınan hüquq və azadlıqlarını nəzərə almır.
“Yunanıstanı azlığın seçdiyi legitim müftiləri tanımağa və dövlət tərəfindən təyin olunmuş müftiləri qəbul etdirmək cəhdlərindən əl çəkməyə çağırırıq”, – açıqlamada qeyd olunub.
Yunanıstanın rəsmi qəzetində dərc olunan qərarlara əsasən, Bilal Kara Halil Gümülcine, Şükrü Şərif Damatoğlu isə İskeçe müftiliyinə beş il müddətinə təyin edilib. Bu ilin yanvarında Dimetoka müftiliyinə Emin Şərifin təyin olunmasından sonra ölkənin Qərbi Trakyadakı hər üç rəsmi müftiliyi dövlət tərəfindən təyin edilmiş şəxslərə həvalə olunub.
Qərbi Trakya türk azlığı isə özünün seçdiyi dini liderləri legitim hesab edir. Hazırda İbrahim Şərif Gümülcinədə, Mustafa Trampa isə İskeçedə seçilmiş müfti kimi fəaliyyət göstərir.
Türkiyə azlığın dini liderlərini seçmək hüququnun beynəlxalq müqavilələrlə qorunduğunu bildirir. Yunanıstan tərəfi isə Lozanna Sülh Müqaviləsində müftilərin mütləq seçki yolu ilə vəzifəyə gəlməsini nəzərdə tutan açıq müddəanın olmadığını əsas gətirərək dövlət təyinatlarını müdafiə edir.











