Bakıda "Toyota" skuter sürən gənci vurdu - BDYPİ-dən ÇAĞIRIŞ

Bakının Nərimanov rayonunda skuter sürən 23 yaşlı Abdulla Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün saat 04:00 radələrində baş verib. Aqşin Mirzəbəylinin idarə etdiyi "Toyota" markalı avtomobil svetoforla nizamlanan piyada keçidində skuter sürən Abdulla Əliyevi vurub.
Qəza nəticəsində 23 yaşlı gənc hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi skuter və digər ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxslərə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəsizlik tələblərini pozmamağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.











