Haaqa məhkəməsi Avropa İttifaqında BYD Ti7 modelinin satışını qadağan edib

Haaqa Dairə Məhkəməsi BYD şirkətinə Avropa İttifaqı ərazisində "Ti7" avtomobil modelini satmağı qadağan edən ilkin qərar çıxarıb. Hakim Çin modelinin eksteryerinin "Jaguar Land Rover" (JLR) konserninin müəllif hüquqlarını pozduğu qənaətinə gəlib.
"Reuters" xəbər verir ki, məhkəmə qərarına əsasən, modeldə "Land Rover Defender" yolsuzluq avtomobilinin görünüşünün xarakterik tanınan elementləri təkrarlanıb.
İddianın qaldırılmasına BYD-nin Böyük Britaniya saytındakı anons səbəb olub. Şirkət həmin saytda tədarükünə 2027-ci ilin yanvarında başlanılmaqla "Ti7" modeli üçün sifarişlərin qəbuluna başlayıb. Çində bu avtomobil 2025-ci ildən "FangChengBao Ti7" adı ilə satılır. Ekspertlər və avtomobil nəşrləri qeyd edirlər ki, Britaniya yolsuzluq avtomobili ilə oxşarlıq düz damlı künclü siluetdə, kuzovun şaquli nisbətlərində, yük yeri qapısının tərtibatında, kvadrat təkər tağlarında və arxa sərnişin qapılarının arxasında kuzov rəngində olan bütöv paneldə özünü göstərir.
Satış qadağası 2026-cı ilin noyabrında qüvvəyə minəcək. Əqli mülkiyyət işi üzrə əsas məhkəmə araşdırması müddətində məhkəmə həmçinin BYD-yə kütləvi istehsalın işə salınması 2027-ci ilin əvvəlinə planlaşdırılan Macarıstandakı yeni zavodda bu modeli yığmağı qadağan edib. Bununla yanaşı, hakim məhkəmənin yurisdiksiyasının Çin şirkətinin Britaniya bölməsinə şamil edilmədiyini qərara alıb.
BYD şirkətindən bildirilib ki, qərarla qəti şəkildə razı deyillər və ondan şikayət vermək niyyətindədirlər. Markanın nümayəndələri "Ti7" modelinin görünüşünün tamamilə müstəqil işləmə olduğunu və JLR-in hüquqlarını pozmadığını təkid edirlər.
2026-cı ilin noyabrında Haaqadakı həmin məhkəmə BYD-nin Avropa ofislərində axtarışlar zamanı götürülmüş bütün sübutların baxılmağa aid olmadığı və məhv edilməli olduğu barədə qərar çıxarıb. Çin şirkətinin regiondakı gələcək strategiyası məhkəmə çəkişməsinin nəticəsindən asılıdır. 2026-cı ilin doqquz ayı ərzində Çin brendinin Avropadakı satışları iki dəfədən çox artaraq 280 000 avtomobili ötüb və bu, "Ford", "Tesla" və "Nissan" markalarını geridə qoymağa imkan verib.
Land Rover Defender
BYD Ti7











