Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb - SƏBƏB

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslarından birinin fəaliyyəti dayandırılıb.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.
Qeyd olunub ki, pasiyentlərə göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardım Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkil olunacaq.
Bu çərçivədə pasiyentlər tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndiriləcəklər.
Nazirlikdən vurğulanıb ki, həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyini təmin etmək, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığını qorumaqdır.












