Qazaxda bir ailənin faciəsi: Ata, 8 yaşlı qızı və bacısı oğlu öldü

Qazax rayonunun Aslanbəyli kəndində dörd nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Qəzada həlak olan 37 yaşlı Sənan Dərgahquliyev bölgədə tanınan aşıq nəslinin nümayəndəsi olub. Onun 8 yaşlı qızı Güllər və bacısı oğlu Məhəmməd də hadisə zamanı həyatını itirib. Həyat yoldaşı Türkan Dərgahquliyevanın müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir.
1news.az-ın Trend-ə istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, 1996-cı il təvəllüdlü qadının vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, Sənan Dərgahquliyev “Azərişıq” ASC-də sürücü vəzifəsində çalışıb. O, el sənətkarlığı ilə tanınan bir ailənin nümayəndəsi olub. Atası Hüseyn Dərgahquliyev və əmisi Həsən Dərgahquliyev aşıq kimi tanınıblar. Ailənin aşıq sənəti ənənəsinin babalarından və ata babalarından gəldiyi bildirilir. Dərgahquliyevlər Qazax rayonunun Kəmərli kəndində köklü nəsillərdən biri hesab olunur.
Kənd sakinlərinin sözlərinə görə, qəzanın baş verməsinə digər avtomobilin sürücüsü İttifaq Müsədirovun yüksək sürətlə hərəkət etməsi və toydan qayıdarkən sərxoş vəziyyətdə olması səbəb ola bilər. Lakin bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Qəzanın səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xatırladaq ki, hadisə noyabrın 18-də saat 20:00 radələrində Qazax rayonunun Aslanbəyli kəndində baş verib. 1979-cu il təvəllüdlü İttifaq Müsədirovun etibarnamə olmadan idarə etdiyi “Opel Astra H” markalı avtomobil qarşıdan gələn, 1989-cu il təvəllüdlü Sənan Dərgahquliyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində hər iki avtomobilin sürücüsü – İttifaq Müsədirov və Sənan Dərgahquliyev, eləcə də “Tofaş”ın sərnişinləri, 2018-ci il təvəllüdlü Güllər Dərgahquliyeva və Məhəmməd Mehtili hadisə yerində ölüblər. Avtomobildə olan Türkan Dərgahquliyeva isə ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırma davam etdirilir.











