1news.az

Dövləti sevməyən bir qrup saxta müxalifətçilərə bir neçə kəlmə

14 Avqust saat 09:36 ~ 6 dəqiqəlik oxu 227
Dövləti sevməyən bir qrup saxta müxalifətçilərə bir neçə kəlmə

Azərbaycan xalqı xoşbəxtdir. Xoşbəxtdir ki, onun prezidenti cənab İlham Əliyevdir. Hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin durmasıdır.

Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə, insanların müəyyən rəyləri formalaşır.

Müşahidələrim nəticəsində tam əminliklə bildirə bilərəm ki, cənab İlham Əliyevə xalq tərəfindən verilən dəstək  onu göstərir ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsini istəməyənlər də vardır. Bu qüvvələr həm daxildə, həm də xaricdə fəaliyyət göstərirlər.

Bu illər ərzində rəsmi Bakı qarşısında duran ən vacib məsələ dövlətçiliyin güclənməsi idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki bu proseslərdə dünya güclərinin, müxtəlif siyasi qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir.

Təsadufi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı – Tbilisi – Qars, Şimal – Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qısqanclıqla qarşılanır. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna müyəssər olmayıblar.

Görülən işlərin nəticəsidir ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Yay aylarında da aparılan sosioloji sorğular onu göstərir ki, Azərbaycanı istəməyən özünü müxalifətçi adlandıran bir qrup saxta “vətənpərvərlərin” sosial şəbəkələrdə təmamilə başqa “havanı” çalmalarına ilə baxmayaraq xalq Prezidentinin yanındadır.

Eyni zamanda, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparmaq çox vacibdir. Son zamanlar dünyadakı siyasi proseslər baxımından, demək olar ki, bütün bölgələr üçün həyəcanlı keçir. Rusiya – ABŞ münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çinlə ABŞ arasında soyuq – iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə gəlməsi, Rusiya və ABŞ arasında orta və yaxınmənzilli raketlərlə bağlı müqavilədən imtina və başqa amilləri buna misal göstərmək olar. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada “sarı jiletlilər” aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər. Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan deyil.

ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ kimi dövlətlərin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmur. Bu gün Ukraynada, Suriyada, Liviyada və bizə yaxın və uzaq olan digər dövlətlərdəki ağır ideoloji, daxili, xarici vəziyyət göz qabağındadır.

Ümumiyyətlə, dövlətçiliyin inkişafı üçün xarici və daxili siyasət arasında balans vacibdir. Xalqın rifahı, gücü, həm də ölkə daxilində olan sosial – siyasi vəziyyətdən, milli xüsusiyyətləri qoruyan mühitdən asılıdır. Son illər dünyada yeni iqtisadi və siyasi idarəçilik modellərinin tətbiq edilməsinin şahidiyik. Təbii ki, siyasi və iqtisadi proseslər daim dəyişməkdədir. Belə olan təqdirdə hər bir siyasi hakimiyyət qarşısında idarəetmədə effektivlik ön plana çıxmaqdadır. İnnovativ idarəçilik, çevik iqtisadi və sosial siyasət tələbi dünyada cərəyan edən böhranlar zamanı xüsusilə böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-cu ilin əvvəlindən biz, Azərbaycanda bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Bura idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatları da aid edə bilərik.

Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı və şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, stipendiyaların, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir. Prezident tərəfindən son dövrlərdə imzalanan fərman və sərəncamlardan cəmiyyətin BÜTÜN sosial kateqoriyalarından olan vətəndaşlar yararlana bildilər. Bütün bu addımlar Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Beləliklə, bu gün Azərbaycan inkişaf etmiş ölkələrlə ayaqlaşan, daxildə sosial-iqtisadi inkişafı təmin edən, effektiv idarəçilik sisteminə malik olan dövlətdir. Çalışaq kı, dövlətimizi, vətənimizi daxili və xarici düşmənlərimizdən qoruyaq.

Zaur Məmmədov

Siyasi elmlər namizədi

Bakı Politoloqlar Klubunun sədri,

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net