Koronavirus təhlükəsi artır: məsuliyyətli olmasaq xəstəlik nəzarətdən çıxacaq - TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus təhlükəsi artır: məsuliyyətli olmasaq xəstəlik nəzarətdən çıxacaq - TƏHLİL

17:30 - 01 / 07 / 2020
Koronavirus təhlükəsi artır: məsuliyyətli olmasaq xəstəlik nəzarətdən çıxacaq - TƏHLİL

Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı. İyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötdü.

Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edildi. Bununla yanaşı hələ də  epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.

Dünənin statistikasına əsasən, Azərbaycanda daha 556 nəfərdə yeni növ koronavirus infeksiyası aşkarlanıb, 346 nəfər sağalaraq evə buraxılıb, Covid-19 testi müsbət çıxmış 7 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

Koronavirusa yoluxanların sayı niyə artır?

Bəs niyə 1 həftədir karantin rejimi tətbiq olunsa da, rəqəmlər 500-dən yuxarıdır? Bunun müxtəlif səbəbləri var. Birinci səbəb virusun inkubasiya dövrü, ikincisi isə son günlər edilən testlərin sayının artırılması ilə bağlıdır. Beləki, nə qədər çox insan test edilsə, koronavirusa yoluxanların sayı da düz mütənasib olaraq çox olacaq. Məsələn, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ümumilikdə isə 482 170 test aparılıb.

Məsuliyyətsizlik, inamsızlıq...

Hər bir virus kimi, koronavirusun da inkubasiya dövrü var. Bu virus maksimum 14 gün ərzində simptomlarını göstərə bilər (Bəzi insanlar, ümumiyyətlə, koronoviusu simptomsuz keçirir). Belə ki, son günlərdə rəqəmlərin yüksək olmasının səbəbi karantin rejiminin yumşaldılması ilə bağlı qərardan sonra insanların məsuliyyətsiz şəkildə, sosial məsafə qorumadan, maskasız hərəkətinin nəticəsidir.

Həmçinin, onlarla insan var ki, onlar koronavirusu özlərinə "yaraşdırmadığına" görə evdə müalicə etməyə çalışırlar. Hətta, vəziyyəti ağır olsa belə test üçün müraciət etməyənlər də az deyil.

Xəstəliyin simptomlarının gec birüzə verməsini və cavabların 48 saat ərzində çıxmasını da nəzərə alsaq yuxarıdakı sualın cavabını tapa bilərik.

Son günlər cərimələnən şəxslərlə bağlı xəbərlərə diqqət yetirsək görərik ki, insanların karantin rejiminə riayət etməməsi, hələ də qonaqlıqlar, məclislər təşkil etməsi, yas mərasimlərində iştirakı, qrup halında şəhər gəzintisi də karantin günlərində də virusun yoluxma sayının artmasına təsir edəcək.

Bundan əlavə, karantin rejimi təkcə yoluxma sayının azaldılması üçün deyil, həmçinin xəstəxanalarda palata sayını nizamlamağa imkan verir. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva da söyləyib:

“Bizim tətbiq etdiyimiz karantin nəticəsində yoluxma sabitləşib. Karantin bizim xəstəxanalarda palata sayımızı nizamlamağa imkan verir, xəstələrin yerləşdirilməsinə şərait yaradır. Karantin rejimi həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alır”.

Dünyanın əksər ölkələrində virusa yoluxanların sayı artmaqdadır

Karantin rejimini yumşaldan digər ölkələrdə də koronavirusa yoluxma sayında artım müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi göstəricilər əsasında hazırladığı gündəlik hesabata əsasən, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 163 mindən çox artıb. Belə ki, ötən sutka ərzində 163 865 nəfər yeni koronavirusa yoluxub, 3 946 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 185 374, ölənlərin isə 503 862 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 136 705 yoluxma və 247 129 ölüm halı. İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 692 086, ölənlərin sayı isə 197 254 nəfərə çatıb. Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 058 055 yoluxma və 24 423 ölüm halı qeydə alınıb.

Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər.

Karantin rejimi tətbiq olunmayan ölkələrdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 1,4 milyonu keçib, virusdan ölənlərin ayı isə 60 minə çatır.

Bəzi ölkələrdə karantin rejimləri niyə yumşaldılır?

Bəzi ölkələrdə isə məhdudiyyətlərin aradan qaldırılmasının şahidi oluruq. Lakin bu həmin ölkələrdə vəziyyətin yaxşılığa doğru dəyişməsindən çox iqtisadi faktorla bağlıdır;

Məlum olduğu kimi, məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çıkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi yumşaldılır.

“Məsuliyyətli olmasaq xəstəlik nəzarətdən çıxacaq”

Azərbaycanda isə hazırda bunun əksini görürük. Prezident İlham Əliyevin də söylədiyi kimi, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir.

Dövlət başçısı da Azərbaycanda son günlərdə koronavirusa yoluxanların sayının artmasını vətəndaş məsuliyyətsizliyi ilə izah edərək, vətəndaşların bir çox hallarda onlara tövsiyə olunan qaydalara əməl etmədiklərindən narazılığını ifadə edib:

“Yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar".

Prezident İlham Əliyev vurğulayıb ki, insanlar məsuliyyətli davranmasalar xəstəlik nəzarətdən çıxacaq:

"Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyətli olmasıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik".

Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir. Azərbaycan dövləti üçün heç bir səbəb  əhalinin sağlamlığından öndə ola bilməz.

Yoluxma sayında artım dinamikasının səbəbləri hansılardır?

Hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir.

Səhlənkar yanaşma da yoluxma hallarının artmasına rəvac verir. Xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir.

Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur.

Təəssüf ki, hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir.

Təsadüfi deyil ki, karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

Daha ciddi tədbirlərin görülməsinə ehtiyac var

Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün  iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməlidirlər.

Hazırkı vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını və daha ciddi tədbirlərin görülməsini tələb edir. Buna görə də ictimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət, eyni zamanda karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz davranış hallarına görə cərimə və digər sanksiyaların tətbiqi gücləndirilməlidir. Əks halda virusa yoluxanların sayı artmaqda davam edəcək.

Koronavirusa birlikdə qalib gələk!

Koronavirus nə qədər təhlükəli olsa da, məğlubedilməz deyil. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.

Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insnaların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik.

Bir sözlə, həmrəy olaq, qaydalara riayət edək və koronavirusa birlikdə qalib gələk!

B.Cahandarov

 

Paylaş:
697

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər