1news.az

Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi

18 Sentyabr saat 14:59 ~ 3 dəqiqəlik oxu 5650
Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi

Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi.

Parlamentdən 1news.az-a verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb və gündəliyi təqdim edib.

Öncə Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərin hesabatı dinlənildi. Məlumat verildi ki, hesabat dövründə komitədə 8 iclas keçirilib, 21 məsələ müzakirə olunub. Həmin məsələlərdən 17-si qanun layihəsi olub. Komitədə üç oxunuşda müzakirədən keçən həmin qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib.

Hesabat dövründə komitəyə 140 ərizə və şikayət daxil olub. Həmin müraciətlərin araşdırılaraq tədbir görülməsi üçün müvafiq təşkilatlara 100 məktub göndərilib.

Komitə sədri Əhliman Əmiraslanov qeyd etdi ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı problemlər Səhiyyə komitəsi üzvlərinin xüsusi diqqətində olub. Pandemiya başlanandan indiyədək deputatlar vətəndaşlarla müntəzəm görüşlər keçirib, yerlərdə vəziyyəti öyrənib, seçicilərin qayğı və çətinliklərinə həssas yanaşaraq problemlərinin həllinə yardımçı olublar. Deputatlar həmçinin koronavirus problemi ilə əlaqədar KİV-lərdə fəal çıxışlar ediblər, lazımi izahat işləri aparıblar.

Yaz və növbədənkənar sessiyalar dövründə komitə COVID-19-la bağlı 2 dinləmə təşkil edib. Geniş auditoriyada mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Türkdilli ölkələrdə COVID-19-la əlaqədar vəziyyətin müzakirə edildiyi dünənki videokonfransda da məlum oldu ki, ən yaxşı vəziyyət Azərbaycandadır.

Əhliman Əmiraslanov vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən əsaslı tədbirlər bütün göstəricilərdə müsbət dinamikanı təmin edib. Hazırda Azərbaycanda 50-yə yaxın laboratoriyada koronavirus testi aparıla bilir. Ölkə miqyasında ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir. Yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında, ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır. Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir.

 

Hesabat dinlənildikdən sonra komitədə geniş müzakirələr aparıldı. Deputatlar Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, komitə sədrinin müavini Rəşad Mahmudov hesabata dair müsbət fikirlərini açıqladılar, səhiyyə sahəsi ilə əlaqədar bir sıra təkliflər irəli sürdülər.

Yekunda Səhiyyə komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı.

Sonra komitə sədri 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verdi. Qeyd etdi ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.

Müzakirə zamanı səslənən bəzi təkliflər də iş planına daxil edildi və iş planı təsdiqləndi.

Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net