Akmalın konsertində “Basqalı” erməni melodiyası kimi təqdim edildi – Aftandil İsrafilovun qızından REAKSİYA
Rusiyalı müğənni Akmalın Rostov-na-Donuda keçirilən konsertində diqqətçəkən an yaşanıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, müğənni səhnədə musiqiçilərindən biri olan Roberti tamaşaçılara təqdim edib. O, musiqiçinin erməni olduğunu bildirib.
Bundan sonra səhnədə Azərbaycan xalq artisti Aftandil İsrafilovun məşhur “Basqalı” əsəri səsləndirilib.
Görüntülərdə sintezator ifaçısının “Basqalı”nı ifa etdiyi aydın görünür. Akmal isə melodiyanı bəyəndiyini bildirərək onu sevdiyi əsərlərdən biri kimi təqdim edib.
Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycanlı istifadəçilərin də diqqətini çəkib. İstifadəçilər ifa olunan melodiyanın Aftandil İsrafilovun “Basqalı” əsəri olduğunu qeyd ediblər.
Məsələyə Aftandil İsrafilovun qızı Nigar Əliyeva da münasibət bildirib.
“Bu, erməni melodiyası deyil. Karo (skripkaçı Karo Ayrapetyan – red.) onu skripkada ifa edib. Melodiyanın adı “Basqalı”dır, müəllifi isə atam Aftandil İsrafilovdur”, - deyə o yazıb.
“Basqalı” Aftandil İsrafilovun ən məşhur əsərlərindən biridir. Bəstəkar bu əsəri 1970-ci ildə yaradıb. Melodiyanın adı İsmayıllı rayonunun qədim Basqal kəndinin adı ilə bağlıdır.
Aftandil İsrafilov qarmon üçün 50-dən çox melodiyanın müəllifidir. “Basqalı”, “Zemfira”, “Kəmalə” və “Nazilə” onun məşhur əsərləri sırasında yer alır.
“Basqalı”nın müəllifliyi müxtəlif mənbələrdə də təsdiqlənib. Əsər 1984-cü ildə çəkilmiş “Musiqili xaş” qısametrajlı filmində səsləndirilib və filmin titrlərində musiqinin müəllifi Aftandil İsrafilov göstərilib. Melodiyanın notları isə 2012-ci ildə nəşr olunan “Rəqslər” adlı dərs vəsaitində yer alıb.







Bundan əvvəl də “Basqalı” melodiyasının erməni əsəri kimi təqdim edilməsi halları olub. 2023-cü ilin noyabrında Gürcüstanın 1TV kanalında əsər “Somxuri şalaxo” adı ilə təqdim edilib. 2024-cü ilin sentyabrında isə Gürcüstanın “İmedi” telekanalında eyni melodiya “erməni şalaxosu” kimi səsləndirilib.
Azərbaycan Əqli Mülkiyyət Agentliyinin ekspertləri – bəstəkarlar Eldar Mansurov, Faiq Sücəddinov və Cavanşir Quliyev də “Somxuri şalaxo” adı ilə təqdim olunan melodiyanın Aftandil İsrafilovun “Basqalı” əsəri ilə eyni olduğunu bildiriblər.
Qeyd edək ki, Aftandil İsrafilov 29 aprel 2023-cü ildə vəfat edib. Onun yaratdığı əsərlər bu gün də müxtəlif ölkələrdə ifa olunur.










