Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO  | 1news.az | Xəbərlər
Siyasət

Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO 

19:02 - 28 / 11 / 2020
Şəhid Camal İsmayılov: Qızım hərbçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar – FOTO – VİDEO 

Artıq 44 günlük Vətən müharibəsi sona yetib və xalqımız uzun illər həsrətində olduğu qələbə sevincini yaşadı. Ali Baş Komandanın və Müzəffər Ordumuzun şücaəti sayəsində Doğma Qarabağımız erməni işğalından azad oldu.

Vətənizin igid oğulları öz qanları, canları bahasına Azərbaycanın əzəli topraqlarını düşmən tapdağından azad etdilər. Neçə-neçə Vətən oğullarımız öz cəngavərliklərilə, qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı tarix dastanını yazdılar. 

Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə mərd oğullarımızdan biri də – İsmayılov Camal Vidadi oğludur. O, 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Hər bir azərbaycanlı kimi, onun da qəlbindəki ən böyük arzularından biri – Doğma Qarabağımızın erməni işğalından azad olunması, üçrəngli bayrağımızın – Şuşada, Laçında, Kəlbəcərdə dalğalanması idi.

Bu arzusuna çatmaq üçün 2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal dərin zəkası, bacarığı ilə hərbi hissədə komandanlığın diqqətini çəkir və beləliklə hərbçi olmağa qərar verir. Beləcə Camalın həyatında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, baş gizir kimi fəaliyyəti başlayır. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir.

Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. Doğma Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrutun qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edir. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulur. Son döyüşündə – Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsilə birlikdə son damla qanına qədər düşmənlə döyüşərək, rəhbərlik etdiyi dəstəsilə ilə birlikdə şəhidlik zirvəsinə yüksəlir.

İsmayılov Camal bundan öncə də 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif edilib.

Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirrlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən – “Turaz Şahini”, “Anadolu Qartalı” “Eternity-2019”, “Anatolian Sofex-2018” və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb.

Şəhid Camal canında çox sevdiyi Azərbaycanın üçrəngli bayrağını bəzən çiyinlərində, bəzən başı üzərində gəzdirsə də, lakin ölənə qədər qəlbinin ən gözəl guşəsində qoruyub saxladı.

İlk olaraq, şəhid Camalın qısa, lakin şərəfli ömür yolu ilə bağlı bəzi məqamları onun ömür-gün yoldaşı Fatimə xanımın dilindən eşidək:

“Kəşfiyyatçı olduğu üçün hər şeyi evdə danışmazdı. Mən sadəcə onunla bağlı bəzi məqamları söyləyə bilərəm. Bir çox təlimlərdə iştirak edib, 94 dəfə paraşütdən atlayışı var, xizək, dağçılığın bütün sirlərinə bələd idi. Moskvada Qələbənin 95 illiyi münasibətilə keçirilən paradda iştirak edib, medal alıb. Bayraq Meydanın açılışında iştirak edib. Təlimlərdən də həmişə yüksək nəticələrlə qayıdardı.

Camal Füzuli uğrunda gedən döyüş zamanı döyüş meydanından dostunu xilas edəndə ayağından və qolundan yaralansa da, lakin evdəkilərə bildirmir.

“Dörd gün hospitalda olduqdan sonra yenidən cəbhəyə qayıdır. Dostu Kamil qucağında keçinib. Hospitalda olmağını özünə sığışdıra bilmirdi. Onunla danışanda gördüm səsi nəsə sakit yerdən gəlir, döyüş meydanı deyil. Soruşdum ki, hardasan, 4 gündür səndən xəbər yoxdu. Dedi ki, kazarmadayam, ayağım burxulub, həkimlər duzlu su qoyub. Sən demə yaralanıbmış. Bunu sonradan bizə döyüş yoldaşları demişdi.

Şəhid dostu Kamil Şirinov ilə

Mənlə danışanda deyirdi ki, buralarda qəribə hisslər keçirirəm. Neçə illərdən sonra Füzuliyə, Cəbrayıla, Qarabağa qayıtmışıq. Burda gəzəndə qəlbim fərəhlə dolur, gözlərimə inana bilmirəm. Deyirdi qızlarımla gələcəyəm Qarabağı başdan-başa onlara göstərəcəyəm, onlarla birlikdə yenidən bayraq gətirib bura sancacağıq.

Camal işinə olduqca ciddi, hörmətlə yanaşdırdı. İndiyə qədər kimsə bilməyib ki, o kəşfiyyatçı idi. İndi də bəzi məqamları açmağa cəsarət etmirəm. Telefonumda onun hərbi formada şəkilləri ola bilməzdi, hərbi geyimdə şəkil paylaşmağa da qoymazdı. İndi dediklərimin çoxunu yas mərasim üçün başsağlığına gələn döyüş yoldaşlarından billmişəm. Son iş yerini Bakıya təyin etmişdilər ki, burada qalacaqdı. Lakin ərizə yazıb, özü döyüşə getməyi istəmişdi. Özünə sığışdıra bilmirdi ki, dostlarım müharibədə döyüşsünlər, o isə burada qalsın. Bütün bunlar onu şəhidlyə aparırdı.

Döyüş yoldaşlarının sözlərinə görə, son döyüşündə elə təxminən 200-ə qədər ermənini Camal özü öldürüb. Yarısını güllə ilə, yarısını bıçaqla, əlbə-yaxa döyüşərək öldürüb. Həmçinin döyüş yoldaşları deyir ki, baş gizir olmasına baxmayaraq, biz ona hörmətlə yanaşardıq, ona hərbi salam verirdik. Çox təəssüflər olsun ki, onun döyüş yoldaşlarının çoxu hələ də Qarabağdadır, bəziləri ya yaralanıb və ya da şəhid olublar. Camal barəsində daha ətraflı məlumatı onlar deyərdi”.

Camal ata kimi, həyat yoldaşı kimi də çox qayğıkeş, mehriban və xoşrəftar olduğunu söyləyən Fatimə xanım onun son gedişini, son arzularını bizimlə bölüşdü:

“Son dəfə gedərkən uşağına ad qoydu getdi (Camalın həyat yoldaşı üçüncü övladına hamilədir). Son dəfə axşam yeməyimizi yedik, dedi gedək bir az hava alaq, gəzək. Yolda mənə dedi ki, təlimə gedirik. Özünə çox güvənirdi, deyirdi qayıdacağam, hər şey yaxşı olacaq, amma sən yenə də hər şeyə hazırlıqlı ol. Mən dedim ki, sən məni tək qoyub gedəcəksən? Dedi elə şeyləri ağlına gətirmə. Səni də, uşaqları da əvvəl Allaha və Vətənə əmanət edirəm. Dedi doğulacaq uşağımızın adını Alpaslan qoyarsan, soyad yerinə də mənim adım olar, bu addan çox qürurlanırdı. Qızlarıma yaxşı bax, istəyirəm onlar xaricdə ali təhsil alsınlar, onları hərtərəfli, dünyagörüşlü böyüt, sənə arxayınam. Çünki mən hər zaman təlimlərdə olmuşam, sən onları tək böyütmüsən. Uşaqları mərd böyüt.

Gəldik evə yenə bəzi məişətlə bağlı tapşırıqlarını verdi. Sonra uşaqlarla oyun oynadı. Həmin gün uşaqları o qədər bağrına basırdı, öpürdü. Sanki bir daha övladlarını görməyəcəyini bilirdi. Kənardan onlara baxırdım. Gah qucağında otuzdurur, gah saçlarına sığallayırdı. Qızlara hər gecə nağıl danışmasa yatmırlar. Hətta Əsmətə, böyük qızıma deyirdi ki, daha 11 yaşın var, nağıl danışmayım. Həmin gecəni uşaqlarla birlikdə yatdı. Döyüşə getdikdən sonra da, hər telefonla danışanda, 10-15 saniyədən çox danışmazdı, amma topun-tüfəngin səsi altında həmişə uşaqları birinci soruşurdu ki, dərsə gediblər.

Böyük qızım Əsmətin ad günü sentyabrın 19-dadır. 5 il idi ki, biz ad günündə bir yerdə olmurduq. Çünki həmişə Camal təlimlərə görə xarici ölkələrdə olurdu. Bu dəfə birgünlük icazə almışdı.

Camal namaz qılırdı. Namazını bitirdikdən sonra başqa duaları sakit deyirdi. Amma son duasını: “Allahım məni şəhadətə ucalt, Allah mənə şəhidlik qismət eləsin” sözlərini yüksək səslə deyirdi. Sanki, uşaqlara eşitdirirdi, uşaqları, məni əvvəlcədən hazırlaşdırırdı. Əsmət bir dəfə soruşdu ki, ata şəhidlik nə deməkdir? Deyirdi ki, qızım hərbiçilər pensiyaya çıxmaz, onlar şəhid olurlar. Hərbiçilərin pensiya kağızı şəhidlikdir. Vətən uğrunda şəhid olmağı o qədər arzu edirdi.

Başsağlığı üçün gələn müəllimlər deyirdi ki, həmişə məktəbə gələndə iki qızının çantasını kürəyinə keçirirdi. Başqa valideynlər uşağa çantasını verib gedirdi. Camal isə əyilirdi uşaqlarının ayaqqabılarına, üst-başlarına baxırdı. Üzlərindən öpürdü, sonra yola salırdı. Adətən hərbçilər sərt təbiətli olur. Amma o qızlarına qarşı o qədər mülayim, qayğıkeş idi. Hətta uşaqlar xəstələnən  kimi başlarının üstündə dua, Qurani-Kərimdən ayələr oxuyardı.

Həyatyoldaşı kimi də çox qayğıkeş, hər zaman mənə hörmətlə yanaşıb, son qəpiyinə qədər evə, uşaqlara xərcləyib. Hətta oruc tutanda sübh vaxtı, bəzən mən yuxudan oyana bilməyəndə, özü süfrəni hazırlayırdı, sonra məni çağırırdı ki, gəl. Birlikdə oruc tutardıq.

Hər qışda bizi Şahdağa aparadı, uşaqlara xizək sürməyi öyrədərdi. Qızımı alpinist kurslarına da yazdırıb. Özü nəyi öyrənirdisə, uşaqlara da öyrədirdi. İstəyirdi ki, uşaqlar dünyagörüşlü olsunlar, hər şeydən xəbərdar olsunlar. Qızlarım da yaxşı xizək sürməyi bacarır. Ümumiyyətlə uşaqlarla çox vaxt keçirərdi, evdə olan kimi, mütləq onları harasa gəzməyə aparardı. Bəlkə də, bizdən tez ayrılacağını bildiyi üçün övladları ilə çox xatirələri olsun deyə onlarla çox vaxt keçirərdi.

Son gedişində mənə tapşırdı ki, bu qapıdan necə çıxmışamsa, uşaqların xatirəsində elə qalmağımı istəyirəm. Ona görə mənə nəsə olsa, uşaqları hüzr yerinə buraxma. Mənə də söz ver ki, ağlamayacaqsan. Ağlayırsansa indi, yanımda ağla. Mən öləndən sonra ağlama. Heç kimin yanında göz yaşı tökmə. Qızlarıma da mənim şəhidliyimi ağlaşma kimi göstərmə. Gedəndə gecə 5-in yarısı idi. Uşaqları çoxlu öpdü. Mənə tapşırdı ki, uşaqlardan muğayat ol, sizin başınızı uca tutacağam.

Uşaqlar əvvəl bilmirdi, onlara demişdim ki, ata hospitalda yaralıdır, ata qəhrəman ola bilər. Amma uşaqlar artıq neçə vaxtdı deyirlər ki, ana, deyəsən atamız Cənnətdədir, göylərdədir. Qızım deyir, hamı mənlə şəkil çəkdirir, elə fərəhlənirəm, atamla qürur duyuram. Belə az da olsa danışmışam, bəzi məqamları demişəm onlara, amma gözləri hələ də yoldadır, onun yolunu gözləyirlər.

Uşaqlara görə, özümü möhkəm tutmuşam ki, onlar kədərlənməsin. Mən bilirəm ki, o harda olsa da, mənim tək qoymayacaq, həmişə bizimlə olacaq”.

Yas mərasimində iştirak edənlər söyləyir ki, Fatimə xanım dəfndə özünü əsl Azərbaycan qadını, əsl şəhid həyat yoldaşı kimi başını dik tutaraq Camala verdiyi son sözünü tutdu, ağlayıb, ah-nalə tökmədi, onu son mənzilə məğrur dayanaraq yola saldı.

Dövlət Sərhəd Xidmətində hərbçi kimi çalışan qardaşı Ülvi İsmayılov Camal ilə bağlı xatirələrini bizimlə bölüşdü:

“Camal ilə bağlı xatirələrim çoxdu. Qardaş kimi o, mənim idealım olub. Ona baxaraq, hərbiyə gəlmək həvəsim yaranıb. Camalın cənazəsini gətirmək üçün Tərtərə getdik. Oraya çatanda cəsədlərin arasında onu gördükdə gözlərimə inanmadım. Üzü sanki gülürdü. Ətrafdakılara dedim, həkim çağırın o, hələ ölməyib. Çiyinlərindən tutub silkələdim, ki ayılsın. Dedilər artıq neçə gündür ki, rəhmətə gedib. “Bronjileti”ni açdım ki, bədənində qan artıq quruyub. Şəhidlər ölmür, yəqin ki, üzündəki təbəssüm onun Cənnətdə şəhadət zirvəsinə çatmağının əlamətidir”.

Tabor komandirinin (hərbçi olduğu üçün adının açıqlanmasını istəmədi) Camalın hərbçi kimi fəaliyyətindən, eləcə də son döyüşündən bəhs edərək bildirdi ki, İsmayılov Camalı uzun illər tanımışam:

“Camalın xatirəsinin əbədiləşdirilməsində nəsə köməyim dəyərsə, bundan qürur duyaram. O, çox ağıllı, kamallı, böyük-kiçik yerini bilən, ailəcanlı biri idi. Hər zaman işdən kənar vaxtlarda onun ailəsilə, uşaqları ilə birlikdə görərdim. Hər zaman ailəsinin başında olub. Çox araşdırardı, öz üzərində işləyərdi. Həmişə yanıma gələrdi nəsə bir təkliflə ki, komandir bunu belə edək. Həmişə istər döyüş hazırlığında, istərsə də kollektiv üçün “əlini daşın altına salan” biri olub.

Həmişə internetdə silahları, cihazları araşdırardı. Yuxarıdan nəyisə öyrənilməsi, araşdırılması əmri gəldikdə, dərhal birinci tapşırığı Camala verərdim. Bilirdim ki, bu tapşırığı versəm, o əlindən gələni edəcək. Gizirim olub, çox savadlı olub, daim öz üzərində işləyərdi. Onun əsas ixtisası rabitəçi olub. Öz işinə həmişə məsuliyyətlə yanaşıb. Həm fiziki cəhətdən idmanla məşğul olub, həm də özünü bilik, savad baxımından da inkişaf etdirib. Yəni nümunəvi hərbi qulluqçum, nümunəvi gizirim olub. Hər bir şəhid, hər bir yaralı mənim üçün əzizdi, amma Camalın itkisi ilə hələ də barışa bilmirəm.

Camal ilə son görüşüm Füzulidə oldu. Döyüşlər bir az səngimişdi, oturmuşduq söhbət edirdik. Sonra yer dəyişdirdik, hücuma keçəndə onunla vidalaşdıq, dedim Camal komanda verilən kimi siz də gələrsiniz. Elə həmin döyüşdə Füzulidə kəndin alınmasında ağır yaralandım. Artilleriya qəlpəsi yanıma düşdü, boynumdan sağ tərəfdən girib, sol tərəfdən çıxdı. Xoşbəxtlikdən şah damarıma düşmədi. Yəni ən son Camalı orda gördüm.

Döyüşlərdə bütün əmrləri canla-başla yerinə yetirərdi, onda qorxmaq, çəkinmək hissi olmayıb. İstər gecə olsun, istər gündüz olsun düşməni məhv etmək, düşməni susdurmaq və ya pusqu qurmaq əmri verilibsə, bir saniyə düşünmədən yerinə yetirərdi. Hətta dəfələrlə Camalı dəstə rəhbəri kimi, onların başlarına böyük təyin etmişəm. 

Son döyüşü ilə bağlı deyə bilərəm ki, əsas yüksəkliyin – Laçın istiqamətində gedən döyüşlərdə əsas yüksəkliyin alınması əmri var idi. Yüksəklik alındıqdan sonra düşmən də geri çəkilərək qaçır. Həmin yüksəkliyin alınmasında Camalgil, yəni mənim taborum var idi. Düşmən dedikdə say yalnız 50-60 nəfərdən getmir. Orada hər növ düşməm vardı. Yəni düşmən yalnız avtomat silahdan deyil, hər cür silahla çoxlu sayda ermənilər onlara hücum edib. Yəni Camalgilin dəstəsini artilleriya da vururdu, tankəleyhinə vasitələr də vururdu, minamyotlar da, toplar da vururdu. Yəni bütün ağır və yüngül silahlarla düşmən onlara üç tərəfdən hücum edib. Həm qarşıdan, həm yan tərflərdən güclü döyüşlər gedib.

Düzdü taborum düşməni məhv edib, onu geri çəkilməyə məcbur edib. Təəssüflər olsun ki, döyüşlər itkisiz ötüşmür. Və Camal dəstəsi ilə birlikdə axırıncı nəfəsinə qədər döyüşərək şahidlik zirvəsinə yüksəliblər. Camal özü dəqiq say bilinməsə də təxmini 200-ə qədər düşmən məhv edib. Və həmin yüksəkliyi ələ keçiriblər. O döyüşdə mənim taborumdan 3-4 qat böyük düşmənin qüvvəsi vardı. Düşmənin canlı qüvvəsinin yarısını məhv etdikdən sonra, qalan ermənilər əllərindəki silahları qoyub qaçıblar. Və o yüksəklik ələ keçdikdən sonra Laçına gedən yol demək olar ki, həm nəzarət olunub, həm də tam olaraq bizim qüvvələr üçün açılıb.

Təvazökarlıqdan uzaq da olsa, mənim taborum – İsmayılov Camal, Şirinov Kamil, Quliyev Şəhriyar və Cəbiyev Sübhan hər zaman, bütün döyüşlərdə çox mərdcəsinə döyüşüblər. Həmçinin Şuşanın alınmasında da demək olar ki, mənim taborum da iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə bir neçə tabor olub, onlardan biri də mənim taborum idi. Təəsüf ki, mənə qismət olmadı, ağır yaralandım, hazırda da da müalicə olunuram. Döyüşlərdə axıra qədər iştirak edə bilmədim”.

İsmayılov Camal üçün valideynləri də, həyat yoldaşı və övladları da həyatda hər şeydən əziz və dəyərli idi. Hər bir ata kimi onun da qəlbində övladları ilə bağlı yüzlərlə arzusu vardı. Lakin Camalın Vətənə olan sonsuz sevgisi onu şəhidlik zirvəsinə yüksəlməkdən geri addım atmağa qoymadı.

Ruhun şad olsun qəhrəman şəhid, artıq Doğma Qarabağımız bütövlüklə bizimdir, Qarabağ Azərbaycandır!!!

Samirə Xankişiyeva

 

Paylaş:
16400

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər