ru

Cəmiyyət

24 İyul saat 15:46

Azərbaycan ziyalıları Rusiyanın “Birinci” telekanalının baş direktoruna etiraz məktubu göndəriblər – SİYAHI

Azərbaycan ziyalıları Rusiyanın “Birinci” telekanalının baş direktoruna etiraz məktubu göndəriblər – SİYAHI

Azərbaycanın bir qrup ziyalısı Rusiyanın “Birinci” telekanalının baş direktoru Konstantin Ernstə etiraz məktubu ünvanlayıblar.

Azərbaycan ictimaiyyəti adından ünvanlanan müraciətdə ziyalılar “Birinci” kanalın efirində yayımlanan “Vremya pokajet” verilişinin müəllif kollektivinin və aparıcılarının qərəzli mövqeyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq şəkildə ermənipərəst mövqe tutmalarına görə narazılıq ifadə ediblər.

38 nəfər ziyalı etiraz məktubuna öz imzalarını atıblar. Onların arasında – Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq Yazıçısı Elçin Əfəndiyev, Azərbaycanın Xalq Rəssamı, SSRİ-nin Xalq artisti Tahir Salahov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Respublikasının Xalq Yazıçısı Anar Rzayev, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, “Bakinski raboçi” qəzetinin baş redaktoru və “First News Media” informasiya agentliyinin baş redaktoru Rəhman Hacıyev və başqaları var.

Oxucuların diqqətinə məktubun tam variantını çatdırırıq:

Sənədin skan nüsxəsi ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, müraciətin bir nüsxəsi Rusiya Federasiyası Prezidentinin Administrasiyasına, Rusiya Federasiyası Dövlət Dumasına və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə göndəriləcək.

“Vremya pokajet” proqramının buraxılışı ilə aşağıdakı linkləri izləyərək tanış ola bilərsiniz:

Обострение армяно-азербайджанских отношений. Время покажет. Фрагмент выпуска от 15.07.2020

«Абрикосовая война». Время покажет. Фрагмент выпуска от 20.07.2020

***

Rusiyanın “Birinci” telekanalının baş direktoru cənab Konstantin Ernstə

“Hörmətli Konstantin Lvoviç!

Bu müraciətin yazılması üçün əsas “Vremya pokajet” proqramının 2020-ci il 20 iyul tarixli buraxılışı olub. Həmin buraxılışda istər bütövlükdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, istərsə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatdan sonra baş vermiş hadisələrin mahiyyətini təhrif edən bir sıra təhrikçi bəyanatlar səslənib.

Yeri gəlmişkən, belə bir müraciət üçün bundan əvvəl də kifayət qədər səbəb var idi. Lakin hər şey haqqında ardıcıl olaraq bəhs edəcəyik.

Qeyd edilən 20 iyul buraxılışında (“Birinci” kanalın saytında bu fraqment “Ərik müharibəsi” adlandırılıb) jurnalist etikasının qərəzsizlik, vicdanlılıq və sosial məsuliyyət kimi əsas prinsipləri pozulmaqla bərabər, həm də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərə ziyan vurmaq məqsədilə ictimai rəyi manipulyasiya etmək üçün kobud cəhd göstərilib.

Verilişin aparıcıları Artyom Şeyninin və Anatoli Kuziçevin təhriçki davranışı, eləcə də ermənipərəst qüvvələrin xeyrinə aşkar meyil göstərən qondarma “ekspertlər”in seçilməsi bizim xalqlarımız arasında münasibətlərə birbaşa meydan oxumaqdır, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa zərər vurur və bizim dost dövlətlərimizin mənafelərinə uyğun deyil.

Prezidentlər İlham Əliyev və Vladimir Putin xalqlarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayıblar və məhz bu səbəbdən “Birinci” kanalın aparıcılarının bu qədər kəskin anti-Azərbaycan mövqeyi Azərbaycan ictimaiyyətində heyrət və hiddət doğurur.

 Yeri gəlmişkən, aparıcılar Şeynin və Kuziçev, deyəsən, özlərinin ermənipərəst rəğbətlərini gizlətməyi heç fikirlərinə də gətirmirlər.

Bu sözlərin əsassız olmadığını sübut etmək üçün bir neçə əyani nümunə göstərək. Əgər siz 20 iyul tarixli proqrama yenidən baxsanız çox maraqlı bir mənzərəni görərsiniz. Verilişin demək olar ki, bütün birinci yarısında Şeynin və Kuziçev tamaşaçıda belə bir aldadıcı təsəvvür formalaşdırmağa çalışırdılar ki, “Fud Siti” bazarındakı insident əsla Azərbaycanın Tovuz rayonunda baş vermiş faciəli hadisələr üzündən bu ticarət obyektinin rəhbərlərinin keçirə biləcəyi stressin və ya emosiyaların nəticəsi deyil. Əksinə, onlar bu insidenti “münaqişəni Cənubi Qafqazdan Moskvaya keçirmək üçün qəsdən göstərilən cəhd” kimi təqdim edirdilər.

Sözlərinin “inandırıcı” olması üçün ekranda iri planla əzilmiş əriklər nümayiş etdirilir, aparıcılar isə bu halda daha yaxşı tətbiq edilməyə layiq olan inadkarlıqla eyni sualı verirdilər: “Bəs indi moskvalılar bu əriklərsiz necə yaşayacaqlar?” Sanki bunlar planetdə sonuncu əriklər imiş.

“Ərik farsı” o qədər çılğın müzakirə edilirdi ki, məsələnin mahiyyətini bilməyən tamaşaçı düşünə bilərdi, guya iki qonşu xalq arasında münaqişəyə səbəb məhz bu cənub meyvəsi olub.

Sanki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı vəhşicəsinə soyqırımı olmayıb.

Yaxud 2011-ci ildə içərisinə partladıcı maddə doldurulmuş və ermənilər tərəfindən çaya buraxılmış oyuncaq itin partlaması nəticəsində 13 yaşlı Aygün Şahmalıyevanın (yeri gəlmişkən, o, valideynləri ilə bərabər Sankt-Peterburqdan qohumlarına qonaq gəlmişdi) ölümü baş verməyib.

Və ya  Füzuli rayonunun Alxanlı kəndinin erməni qoşunları tərəfindən minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva nənəsi ilə bərabər həlak olmayıb.

Lakin bütün bunlar olub. Həmçinin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və beynəlxalq təşkilatların çoxsaylı başqa qərarlarına, – onların sadalanması elə bir neçə səhifə tutardı, - rəğmən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisini bu günə qədər zorla əldə saxlayan erməni işğalçı qüvvələrinin bir çox başqa cinayətləri də olub.

Buna baxmayaraq, sizin proqramın aparıcıları “Fud Siti” bazarında baş vermiş insidentin səbəblərini axtarmaq əvəzinə, yalnız onun nəticələri ilə maraqlanırdı.

Erməniləri “ərik müharibəsi”nin qurbanları kimi təqdim etmək cəhdləri, həmçinin Şeyninin ulu babasının Bakıda öldürülməsi barədə sözarası işlətdiyi ifadə ən azından yersiz görünürdü. Təbii ki, bu halda o, auditoriyaya heç bir təfsilat təqdim etmədi. Görünür, müəmmalılıq “Azərbaycandan olan qatillər” barəsində əhvalatı daha çox inandırıcı göstərməli idi.

Bu məqamda dəvət edilmiş ekspertlər üzərində dayanmaq istərdik.

Sarkis Satunyan adlı birisini ayrıca xatırlamağa dəyər. “Birinci” kanal onu “İ.A Realist”in baş redaktoru kimi təqdim etdi (həqiqətdə o, Rusiyada qeydiyyatda olan ultratəhrikçi erməni nəşri “İ.A Reqnum”un şərhçisi kimi daha çox məşhurdur).

Cəfakeş obrazında olan Saturyan israrla sübut edirdi ki, “ərik terroru” bilavasitə Bakıdan əlaqələndirilən aksiyadır. Görünür, bu halda o, Göbbelsin “Yalan nə qədər dəhşətlidirsə, insanlar ona bir o qədər həvəslə inanırlar” prinsipini rəhbər tuturdu.

Deyəsən, “Birinci” kanalın efirində belə yalançı patriotların görünməsi pis ənənəyə çevrilib.

Bundan bir neçə gün əvvəl - iyulun 15-də elə həmin verilişin başqa buraxılışı çərçivəsində Sarkis Saturyan Tovuzda baş vermiş hadisələri İstanbulda müqəddəs Sofiya məbədi məsələsi ilə Ərdoğanın siyasəti və “Dağlıq Qarabağı və Azərbaycanı yenidən yaradılmış Osmanlı İmperiyasının tərkibinə daxil etmək planı” ilə qarışdırırdı. Belə fantaziyaya yalnız “qibtə etmək” olar – hətta neoosmanizm ideyalarının ən sədaqətli tərəfdarları da belə möhtəşəm ideyalar səsləndirməyib.

Lakin Saturyan tək deyildi – birinci skripka rolunu RF Dövlət Dumasının deputatı, özünün ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin ifa edir, jurnalist Maksim Yusin isə onun dediklərini təsdiqləyirdi.

Zatulinin KTMT-ni Ermənistanı müdafiə edən hərəkətlərə sövq etmək üçün necə canfəşanlıq göstərməsi təhrikçilər üçün müntəxəbata daxil edilməyə layiqdir. Bununla belə, o, bir sadə suala cavab vermədi: Tovuzda eskalasiya Azərbaycanın nəyinə lazım idi, axı əks-terror əməliyyatını ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağda başlamaq daha məntiqli olardı, çünki BMT Nizamnaməsi buna imkan verir.

Zatulinin susmasını çox sadə izah etmək olar.

Ermənistan yeganə ölkədir ki, məhz Tovuzda, Azərbaycan ilə sərhəddə toqquşma onun üçün sərfəlidir, çünki bu halda nəzəri baxımdan Rusiya guya təcavüzə məruz qalmış KTMT üzrə tərəfdaşının müdafiəsinə qalxa bilər.

Buna baxmayaraq, KTMT-nin təmkinli reaksiyası, həmçinin Rusiyanın rəsmi strukturlarının ölçülüb- biçilmiş mövqeyi onu göstərir ki, ermənilərin planı baş tutmayıb - Moskvada çox gözəl anlayırlar ki, dövlətlər arasında münaqişənin növbəti dəfə kəskinləşməsini kim və hansı məqsədlə düşünüb. 

Bu baxımdan, “Birinci” kanalın populyar şousunda iki dost dövlət arasında münasibətlərə necə məqsədyönlü şəkildə ziyan vurulmasını müşahidə etmək çox təəccüblüdür.

Proqramın müəllifləri bu məqsədə çatmaq üçün təkcə şübhəli ekspertlərin deyil, həm də problemin mahiyyətini qəsdən təhrif edən nadürüst jurnalistlərin xidmətlərindən istifadə edirlər.

Belə ki, 20 iyul buraxılışında həbi müxbir Semyon Peqov “Tavuş” kəndinin adı yazılmış lövhənin altında (sərhədin ermənilər tərəfində) dayanaraq “hər gün artilleriya və pilotsuz uçuş aparatlarının atəşlərindən öz evlərinin zirzəmilərində gizlənən” sakinlər barədə danışırdı. O, guya “atəşə tutulmuş uşaq bağçası və dinc evlər” barədə də danışdı... Lakin bu müxbir öz sözlərini sübut etmək üçün heç bir kadr təqdim etmədi. Sanki o, televiziya efirində deyil, radio efirində çıxış edirdi.

Bu halda cənab Peqov reportajda nə üçün Azərbaycan tərəfinin mövqeyinə toxunulmaması barədə sualın cavabında səmimi olmadı. Onun sözlərinə görə, “o, azərbaycanlılara söz verə bilərdi, lakin Dağlıq Qarabağa səfər etdiyinə görə onu bu ölkəyə buraxmırlar”.

Şeynin-Kuziçev dueti bu bəyanata çox emosional reaksiya verdi, dəfələrlə təkrar etdi ki, bu, biabırçılıqdır, çünki “azərbaycanlılar özləri bu adamın obyektiv reportaj hazırlamasına imkan vermirlər”. Bu sözlərdə həqiqətdən əsər əlamət yoxdur. Onlar yalnız tamaşaçını yalan məlumatla çaşdırmağa yönəlib.

Cənab Ernst, məgər siz Rusiyanın ən böyük telekanalının rəhbəri kimi, bilmirsiniz ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edilməsi sonradan Azərbaycana səfərlər etməyə heç bir əngəl yaratmır, o şərtlə ki, səfərdən əvvəl bu regiona getmək üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən icazə alınmış olsun.

Bu prosedur barədə Artyom Şeyninin də məlumatlandırılması pis olmazdı, onun sözlərinə görə, o da Azərbaycana gedə bilmir, çünki keçmişdə bizim respublikanın qüvvədə olan qanunlarına riayət etmədən Dağlıq Qarabağa getməyə macal tapıb.

Üstəlik, nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan XİN-in qara sıyahısına düşmüş şəxslərin həmin siyahıdan çıxarılması üçün xüsusi prosedur var – xarici siyasət idarəsinə müraciət etmək, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və gələcəkdə qüvvədə olan qanunları pozmaqla işğal edilmiş ərazilərə səfərlər etməməyi vəd etmək lazımdır.

Öz əməkdaşlarınıza və tərəfdaşlarınıza tövsiyə edin ki, bu qaydalara riayət etsinlər. Xüsusən Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyan Rusiya hökumətinin mövqeyini nəzərə alsınlar.

Hörmətli, Konstantin Lvoviç!

Azərbaycan ictimaiyyəti adından sizə “Vremya pokajet” verilişinin müəlliflər kollektivinin və aparıcılarının bu cür təhrikçi fəaliyyətindən narahatlığımızı və hiddətləndiyimizi bildiririk.

Təəssüflə qeyd etməyə məcburuq ki, bu cür provokasiyalar əvvəllər də olub – 2016-cı il aprelin əvvəlində Dağlıq Qarabağdakı hadisələr fonunda Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin növbəti provokasiyasını dəf edəndə elə həmin “Vremya pokajet” verilişinin efirində yalançı “Rusiya patriotları” Gevorq Mirzoyan, Semyon Baqdasarov və məşhur provokator Sergey Kurginyan qalmaqal salırdılar.

Gördüyümüz kimi, dekorasiyalar və ifaçılar dəyişir, amma verilişin düşmən mahiyyəti dəyişməz qalır.

Biz dövlətlərimizin ikitərəfli münasibətlərinə zərər vuran bu qüsurlu praktikaya son qoyulmasını tələb edirik və ümidvarıq ki, sizin şəxsən müdaxiləniz “Birinci” kanalın efirində Azərbaycan Respublikasının və onun xalqının ünvanına bu cür iyrənc insinuasiyalara son qoyacaq.

Bu məktubun sonunda “Vremya pokajet” verilişində səslənmiş yalan bəyanatlara cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabrında Valday Forumundan dediyi sözləri sitat gətirməyi münasib hesab edirik: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Bu, sizin televiziya efirində nə səslənməsindən asılı olmayaraq danılmaz həqiqətdir.

Hörmətlə,      

1.Ziyad Səmədzadə                                                             
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
2.Mixail Zabelin
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü,
Azərbaycan Rus İcmasının sədri

3.Anar Rzayev
 Azərbaycan Respublikasının Xalq yazıçısı, 

Azərbaycan Yazıçılar Birliyinin sədri

4.Əhliman Əmiraslanov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Rusiya Federasiyası Elmlər Akademiyasının xarici üzvü,

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

5.Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzvə Müvəkkili (Ombudsman)

6.Nizami Cəfərov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

7.Nailə Vəlixanlı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru

8.Aslan Aslanov
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri 

9.Aleksandr Şarovski
Azərbaycan Respublikasının Xalq artisti,

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru

10.Nadejda İsmayılova
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

11.Fərhad Xəlilov
Azərbaycan Respublikasının Xalq rəssamı,
Azərbaycan Rəssamlar İttifaqının sədri

12.Tahir Salahov
Azərbaycan Respublikasının Xalq rəssamı,
SSRİ-nin Xalq rəssamı

13.Emin Hacıyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

14.Murad Adıgözəl-zadə
Azərbaycan Respublikasının Xalq artisti,

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru

15.Anna İbrahimbəyova
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru

16.Ömər Eldarov

Azərbaycan Respublikasının Xalq artisti,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru,

SSRİ Dövlət mükafatı laureatı
17.Firəngiz Əlizadə
Azərbaycan Respublikasının Xalq artisti,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri

18.Çingiz Abdullayev
Azərbaycan Respublikasının Xalq yazıçısı

19.Elbay Qasımzadə
Azərbaycan Respublikasının Əməkdar memarı,
Azərbaycan Memarlar İttifaqının sədri

20.Elçin Əfəndiyev
Azərbaycan Respublikasının Xalq yazıçısı

21.Fərhad Bədəlbəyli
Azərbaycan Respublikasının Xalq artisti,
SSRİ-nin Xalq artisti,
Bakı Musiqi Akademiyasının rektoru

22.Urxan Ələkbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

23.Yalçın Adıgözəlov
Azərbaycan Respublikasının Xalq artisti, dirijor

24.Nərgiz Paşayeva
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru

25.Eldar Quliyev
Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor

26.Əziz Əliyev
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru

27.Kamal Abdulla
Azərbaycan Dillər Universitetinin rektoru

28.Aleksandr İşein

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

29.Kamran İmanov
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

30.Şneor Seqal
Azərbaycan Avropa yəhudiləri icmasının baş ravvini,

“Xabad-Or-Avner” yəhudi təhsil kompleksinin direktoru

31.Siyavuş Kərimi
Azərbaycan Respublikasının Xalq artisti,
Azərbaycan Milli Konservatoriyasının rektoru

32.Milix Yevdayev
Dağ yəhudiləri dini icmasının rəhbəri

33.Vasili Novoseltsev
İsmayıllı rayonunun İvanovka kəndindəki N.Nikitin adına kolxozun sədri

34.Rəhman Hacıyev
“Bakinski raboçi” qəzetinin baş redaktoru

35.Fəxrəddin Manafov
Azərbaycan Respublikasının Xalq artisti

36.Natiq Rəsulzadə
Azərbaycan Respublikasının Xalq yazıçısı

37.Oleq Əmirbəyov
Aktyor, teleaparıcı

38.Nizami Səfərov

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri,

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur