ru

Siyasət

4 Aprel saat 20:29

Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür

Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür

Bu gün Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinindən 1news.az-a bildiriblər ki, 4 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr qurulmuşdur və həmin ildə hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılmışdır. Bu illər ərzində Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Baş konsulluqları, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində Ticarət nümayəndəliyi fəaliyyətə başlamışlar.

Ötən 28 il ərzində iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.

Şübhəsiz ki, Azərbaycan ilə Rusiya arasında yaradılmış bu cür mühit ilk öncə iki ölkə liderləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls vermişlər.

İki dövlət arasında olduqca intensiv siyasi dialoq mövcuddur. Parlamentlərarası əlaqələr, İqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti, Xarici işlər nazirliklərinin və digər nazirliklərin, eləcə də aidiyyətı qurumların rəhbərliyi arasında çoxsaylı təmaslar isə mehriban qonşuluq siyasətini, çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrini özündə əks etdirən əməkdaşlığı daha da zənginləşdirmişdir. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır.

Diplomatik münasibətlərin qurulmasından keçən 28 il ərzində iki ölkə arasında 300-ə qədər ikitərəfli sənədlər imzalanmış və onların həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır. 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi və 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2018-ci il tarixində Rusiya Federasiyasına həyata keçilmiş rəsmi səfəri çərçivəsində imzalanmış “Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatı”, bir çox sahələri əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və həmin sənədə daxil olan ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə 5 müvafiq yol xəritələri, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” əməkdaşlığın gələcək inkişafına, o cümlədən iqtisadi münasibətlərin dərinləşməsinə mühüm təkan vermişdir.

Ticarət əlaqələri də artan xətlə inkişaf edir. 2019-cu ildə ikitərəfli ticarət 3,2 milyard dollar təşkil etmişdir ki, bu da 2018-ci illə müqayisədə 27,4% çoxdur. Azərbaycanda 950 ortaq şirkət fəaliyyət göstərir. Rusiyanın Azərbaycana yatırdığı sərmayələr 4,5 milyard dollar, Azərbaycan sərmayələri 1,5 milyard dollar təşkil etmişdir. Azərbaycan Rusiyanın 70-ə yaxın federal subyektləri ilə də birbaşa əməkdaşlıq edir, habelə bir sıra Rusiya regionları ilə ölkəmiz arasında əməkdaşlığa dair müvafiq sazişlər imzalanmışdır.

2019-cu ilin 24 dekabr tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədindən keçən Samur çayının üzərində tikilən yeni avtomobil körpüsü istifadəyə verilmişdir ki, bu da sözügedən əlaqələrin və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayacaqdır.

Humanitar əməkdaşlığımız da genişlənməkdədir. Belə ki, Rusiyada minlərlə Azərbaycan vətəndaşı təhsil alır. Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərməkdədirlər.

Ölkəmizdə rus dilinə olan münasibət də xüsusi vurğulanmalıdır. 360-dək məktəbdə rus sektorunun mövcud olması, 18 rusdilli məktəbin fəaliyyət göstərməsi humanitar münasibətlərimizin ayrılmaz hissəsini təşkil edir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar da dövlətimizin layiqli vətəndaşları kimi ölkəmizin inkişafına öz töhfələrini layiqincə verirlər.

Humanitar əməkdaşlıq çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və müasir cəmiyyətin inkişafının aktual problemlərinin beynəlxalq müstəvidə müzakirə olunduğu meydançaya çevrilmiş Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək zəruridir.

İki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi olaraq Heydər Əliyev Fondunun rolu önə çəkilməlidir. Belə ki, Fondun fəaliyyəti nəticəsində mədəniyyətimiz Rusiyada geniş təbliğ olunur, çoxsaylı tədbirlər, o cümlədən sərgilər, müsabiqələr, festivallar və konsertlər təşkil edilir.

Turizm sahəsində əməkdaşlıq da son illər ərzində çox inkişaf etmişdir. Belə ki, Rusiyadan ölkəmizə turizm məqsədi ilə səfər edən insanların sayı artıq bir milyona çatmışdır. Bu da sıravi Rusiya vətəndaşı üçün Azərbaycanın tarixi, mədəniyyəti, qonaqpərvərliyini və məişətini daha yaxından tanımağa imkan yaradır. 

Azərbaycanın xarici siyasəti üçün prioritet istiqamət sayılan    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Ermənistanın işğalçı siyasətinə son qoyulması istiqamətdə Rusiya Federasiyasının BMT-nin Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Keçən il də yüksək səviyyəli səfərlər və işgüzar görüşlər ilə səciyyələndirilmişdir. 3 oktyabr tarixində “Valday” Klubunun 16-cı illik iclasının plenar sessiyasında iştirak etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə, o cümlədən  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini dünya ictimaiyyətinə  bir daha çatdırmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20-24 noyabr 2019-cu il tarixlərində Moskva şəhərinə rəsmi səfər etmiş, yüksək səviyyəli ikitərəfli görüşlər keçirmiş, Azərbaycan-Rusiya 10-cu regionlararası forumuna Azərbaycan tərəfindən rəhbərlik etmiş və səfər zamanı əsası 1939-cu ildə qoyulmuş və Azərbaycan-Rusiya dostluğunun rəmzini nümayiş etdirən Azərbaycanın VDNX sərgi kompleksinin ərazisindəki Milli pavilyonunun açılışında iştirak etmişdir.

28 il ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur